“Bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas basketbol üzrə ölkə çempionu olan “Sabah” komandasını möhtəşəm uğur münasibətilə təbrik edib. Litvalı mütəxəssis şəxsi “Instagram” hesabında paylaşım edərək həm həmkarlarını, həm də komandanı qürurlandıran sözlər yazıb: “Azərbaycan Basketbol Liqasında ardıcıl dördüncü dəfə çempionluq titulu qazanan “Sabah”ı ürəkdən təbrik edirəm! Oyunçuları, rəhbərliyi və azarkeşləri alqışlayıram. Bu, həqiqətən də inanılmaz nailiyyətdir. Prosesin daxilində olanlar bu uğur üçün nə qədər tər, göz yaşı və əmək sərf edildiyini yaxşı bilirlər… Litvalı məşqçilər korpusuna — Aurimas Yasilyonisə, Laymonas Barkauskasa və əlbəttə ki, Avropa basketbolunun əfsanəsi Rimas Kurtinaytisə xüsusi təbriklərimi çatdırıram”.
Xatırladaq ki, futbol üzrə “Sabah” komandası da Misli Premyer Liqasında cari mövsümün çempionluğunu vaxtından əvvəl rəsmiləşdirərək ölkənin ən güclüsü olduğunu sübut edib.