Qadın voleybolçulardan ibarət millimiz Avropa Liqasında növbəti oyununu keçirib. Baş məşqçi Faiq Qarayevin yetirmələri turnir çərçivəsində dördüncü matçında İspaniya yığmasının qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Komandamız rəqibindən bir set almağı bacarsa da, ümumi hesabdakı məğlubiyyətdən qaçmağı bacarmayıb – 1:3 (19:25, 25:22, 19:25, 23:25).
Xatırladaq ki, yığmamız turnirə uğurlu start verərək Estoniya (3:0) və Şimali Makedoniyanı (3:0) quru hesabla məğlub etmiş, daha sonra isə İsveçə (0:3) uduzmuşdu.
İspaniya məğlubiyyətindən sonra hesabında 6 xal olan yığmamız 24 komanda arasında 14-cü pillədə qərarlaşıb.
Qrupda vəziyyətini yaxşılaşdırmaq istəyən voleybolçularımızı irəlidə daha iki ciddi oyun gözləyir. Millimiz növbəti xallarını iyunun 19-da İsrail, bir gün sonra isə İsveçrə ilə keçiriləcək qarşılaşmalarda qazanmağa çalışacaq.