Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq şahmat turnirində 8-ci turun oyunları arxada qalıb. Azərbaycan qrossmeysterləri üçün bu tur həm prinsipial qələbə, həm də vaxtından əvvəl qazanılan çempionluqla yadda qalıb.
Turnirin əsas mərhələsində mübarizə aparan şahmat liderimiz Şəhriyar Məmmədyarov 8-ci turda növbəti qələbəsini bayram edib. Təmsilçimiz bu dəfə meydan sahibi Nodirbek Yakubboyevi məğlubiyyətə uğradıb. Hazırda aktivində 4,5 xal olan Şəhriyar turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Turnirin “Challengers” qrupunda mübarizə aparan iki şahmatçımız – Məhəmməd Muradlı və Eltac Səfərli də 8-ci tur partiyalarını keçiriblər.
Məhəmməd Muradlı möhtəşəm oyun nümayiş etdirərək rəqibini xalsız qoyub. Bu qələbə ilə xallarını 7-yə çatdıran Muradlı, turnirin başa çatmasına bir tur qalmış vaxtından əvvəl çempionluğunu təmin edib. Digər təmsilçimiz Eltac Səfərli isə təəssüf ki, bu turu məğlubiyyətlə başa vurub.
Ümumi mükafat fondu 121 500 ABŞ dolları təşkil edən beynəlxalq turnir dairəvi sistem üzrə keçirilir. 9 turdan ibarət olan yarışa sabah keçiriləcək sonuncu turun oyunları ilə yekun vurulacaq.