Yaxın günlərdə rəsmi olaraq “Kəpəz”in baş məşqçisi postuna gətiriləcəyi gözlənilən Arif Əsədovun köməkçilərinin kimliyi müəyyənləşib. Təcrübəli mütəxəssisin Gəncə təmsilçisində formalaşdıracağı texniki qərargahda tanış adlar yer alıb.
Əsədovun məşqçilər korpusuna ötən mövsüm paytaxtın “Şəfa” klubunda uğurlu fəaliyyəti ilə seçilən mütəxəssislər daxil olacaq. Belə ki, yeni formalaşan qərargahda ötən mövsüm “Şəfa”nın baş məşqçisi olmuş Elgiz Kərəmli və paytaxt klubunda çalışmış Zamir Həsənov köməkçi məşqçi funksiyasını yerinə yetirəcəklər. Komandanın qapıçılar üzrə məşqçisi vəzifəsi yenə sözügedən klubdan gələn Şahin Hüseynova həvalə edildiyi halda, futbolçuların fiziki hazırlığına Toğrul Billallı cavabdehlik daşıyacaq.
Arif Əsədovun köməkçisi olacaq Elgiz Kərəmli ötən mövsüm rəhbərlik etdiyi məşqçilər heyəti ilə birlikdə “Şəfa”nı Misli Premyer Liqasına yüksəltməyi bacarıb. İndi isə bu iddialı heyət gücünü “Kəpəz”in uğurları üçün birləşdirəcək.