Tacikistanın paytaxtı Düşənbədə keçirilən nüfuzlu “Böyük Dəbilqə” turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin heyətində mübarizəni davam etdirən yeganə təmsilçimiz Rəşid Məmmədəliyev bürünc medal qazanmaq şansını saxlayıb.
73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa inamlı start verib. Reytinq xalları sayəsində mübarizəyə birbaşa ikinci mərhələdən qoşulan Məmmədəliyev, ilk görüşündə Moldova təmsilçisi Vlad Mitrunu vaxtından əvvəl məğlub edərək rəqibini yarışdan kənarlaşdırıb. 1/4 finalda Rusiya cüdoçusu Danil Lavrentyevlə qarşılaşan idmançımız gərgin keçən dueldə taktiki üstünlüklə qələbə qazanaraq yarımfinala yüksəlib.
Lakin finala gedən yolda meydan sahibi Muxiddin Əsədullayevlə üz-üzə gələn təmsilçimiz gərgin mübarizənin sonunda rəqibinə məğlub olub. Qızıl medal şansını itirməsinə baxmayaraq, Rəşid Məmmədəliyev turniri mükafatsız başa vurmamaq üçün həlledici görüşə çıxacaq.
Cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada digər Tacikistan təmsilçisi Əhmədcon Məsudi ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, digər idmançılarımızın uğursuz çıxışından sonra Rəşid yığmamızın bu turnirdə medal qazanmaq üçün son ümididir. Hazırda bütün diqqətlər yığmamızın medal həsrətinə son qoya biləcək bürünc medal görüşünə yönəlib.