Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandasının yeni baş məşqçisi rəsmən açıqlanıb. Azərbaycan Voleybol Federasiyasının (AVF) məlumatına görə, bu posta təcrübəli mütəxəssis Boris Qrebennikov gətirilib.
Millimiz yeni baş məşqçinin rəhbərliyi altında Avropa Liqası yarışlarına hazırlıq məqsədilə bu gündən məşqlərə başlayıb. Hazırlıq prosesinə ümumilikdə 17 voleybolçu cəlb olunub. Təlim-məşq toplanışı çərçivəsində komandamızın bir neçə yoxlama oyununda qüvvəsini sınaması planlaşdırılır. Xatırladaq ki, Avropa Liqasının oyunları 5-7 iyun aralığında İsveçdə keçiriləcək.
Qeyd edək ki, 67 yaşlı Boris Qrebennikov Azərbaycan voleyboluna yaxından bələd olan simadır. O, 2023-2026-cı illər ərzində “Azərreyl” klubuna rəhbərlik edib və bu müddət ərzində komandası ilə iki dəfə ölkə çempionluğunun sevincini yaşayıb.