“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Holand ABŞ-ın nəhəng pivə istehsalçısı ilə imzaladığı yeni reklam müqaviləsi və çəkildiyi musiqili kliplə vətəni Norveçdə şok effekti yaradıb. Alkoqol reklamına qoyulan sərt qadağalar səbəbindən həmin çarxın Norveç televiziyalarında nümayişi qeyri-mümkündür.
FİFA-nın uzunillik tərəfdaşı olan Budweiser brendi ilə əməkdaşlığa başlayan Holand, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi qarşıdakı Dünya Çempionatı zamanı şirkətin rəsmi siması olacaq. Çərşənbə axşamı yayımlanan ilk reklam çarxında Erlinq ilə yanaşı, atası Alf-İnge Holand və məşhur məşqçi Yurgen Klopp da yer alıb. Ulduz futbolçu bu tərəfdaşlığı belə şərh edib: “Özümün ilk Dünya Çempionatında maksimum gücümü ortaya qoymaq niyyətindəyəm. Kampaniyanın “Qoy sel kimi axsın” (Let it pour) şüarı turniröncəsi hisslərimlə tam üst-üstə düşür”.
Lakin futbolçunun bu addımı ölkəsində birmənalı qarşılanmayıb. Norveç Futbol Federasiyası (NFF) ilə əməkdaşlıq edən və spirtli içkilərə qarşı mübarizə aparan “Av og til” təşkilatı kəskin bəyanatla çıxış edib. Təşkilatın baş katibi Raqnhild Kaski bildirib: “Norveç gəncliyinin kumiri olan bir idmançının spirtli içki reklamına çəkilməsi həm sarsıdıcı, həm də son dərəcə qeyri-etikdir. Videoda Norveç bayrağı və milli komanda formasının görünməsi dolayısı ilə NFF-in reklamı kimi qəbul edilə bilər ki, bu da qətiyyən yolverilməzdir.”
Ekspertlər xatırladırlar ki, Norveç futbolunun ulduzları heç də həmişə alkoqol brendlərinə üstünlük verməyiblər. Məsələn, 1994-cü ildə ABŞ-da keçirilən mundialda milli komandanın oyunçuları və baş məşqçi Egil “Drillo” Olsen dondurma reklamı ilə gündəmə gəlmişdilər. O zaman böyük rəğbətlə qarşılanan “Drillo Is” markası satış rekordlarını alt-üst edərək, uzun illər bazarın liderinə çevrilmişdi.
Marketinq üzrə professor Anders Mamenin fikrincə, “Budweiser” ABŞ-da nəhəng olsa da, Avropa bazarında mövqelərini möhkəmlətməyə ehtiyac duyur: “Holandın dünya şöhrəti və skandinaviyalıların “pivəsevər” imici ilə assosiasiya olunması şirkətin satışlarını artırmaq üçün ideal gedişdir”.
Hazırda Norveç ictimaiyyəti ulduz futbolçunun milli dəyərləri, yoxsa kommersiya maraqlarını üstün tutduğunu müzakirə edir.