“Barselona”nın keçmiş futbolçusu, karyerasını İranın “İstiqlal” klubunda davam etdirən Münir Əl-Həddadi bölgədə artan münaqişələr fonunda ölkəni tərk edərək Türkiyəyə sığınıb. ABŞ və İsrailin İrana hücumlarından sonra 30 yaşlı mərakeşli futbolçunun təhlükəsizlik narahatlıqları artıb.
Məlumata görə, Münir Əl-Həddadi ölkədəki gərginlikdən qorxaraq Türkiyəyə keçib. İspaniyanın “Marca” nəşrinə yaxın mənbələr bildirir ki, o, İranda çıxış edən digər futbolçu İvan Sançes ilə birlikdə 16 saatlıq avtomobil yolçuluğundan sonra quru yolu ilə Türkiyəyə çatıb. Futbolçunun İrana qayıtmayacağı və birbaşa İspaniyaya yollanacağı qeyd olunur.
“Barselona”nın yetirməsi olan Münir karyerası ərzində 3 La Liqa çempionluğu və 1 Çempionlar Liqasını qazanıb. Cari mövsümdə İran çempionatında 26 matçda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.