İspaniyanın məşhur “Sport” nəşrinin yazdığına görə, La Liqanın çempionluq kuboku “Kamp Nou”da keçiriləcək “El Klasiko” zamanı “Barselona”ya təqdim olunmayacaq. Hazırda çempionatın başa çatmasına 4 tur qalmış Hansi Flikin komandası “Real”ı 11 xal fərqi ilə qabaqlayır. Bu o deməkdir ki, kataloniyalılar əzəli rəqibləri üzərində qələbə qazanacağı təqdirdə, mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmən elan edəcək. Lakin bu möhtəşəm qələbə baş tutsa belə, azarkeşlər kubokun qaldırılmasını görməyəcək. İspaniya Kral Futbol Federasiyası (RFEF) və La Liqa rəhbərliyinin daxili qaydalarına əsasən, titul riyazi olaraq tam dəqiqləşməyənə qədər mükafatlandırma mərasimi keçirilmir. Hazırda “Real” turnir cədvəlində xeyli geri qalsa da, nəzəri cəhətdən rəqibinə çatmaq şansını hələ itirməyib. Məhz bu kiçik “riyazi ehtimal” federasiyanın kuboku stadiona gətirməsinə mane olur.
Futbol tarixində analoji hallara daha əvvəl də rast gəlinib. Məsələn, “Bavariya” və “İnter” kimi nəhənglər çempionluğu vaxtından tez təmin etsələr də, titul rəsmiləşənə qədər kuboka qovuşmayıblar. Futbol qurumları titulla bağlı qərar qətiləşmədən kubokun meydanda görünməsindən yayınmağa çalışırlar.
“Sport” nəşri ssenarini belə proqnozlaşdırır: “Mövcud şəraitdə ən real variant kubokun 16-17 may tarixlərində, “Betis”lə keçiriləcək ev oyununda təqdim olunmasıdır. Bunun üçün Hansi Flikin yetirmələri növbəti iki turda – evdə “Real” və səfərdə “Alaves”lə matçlarda cəmi 1 xal toplamalıdırlar”.
Beləliklə, 10 may saat 23:00-da “Kamp Nou”da baş tutacaq “El Klasiko” çempionluq şənliyindən ziyadə, gərgin keçəcəyi şübhə doğurmayan növbəti prinsipial mübarizəyə səhnə olacaq. Federasiyanın qərarı bu matçın atmosferini bir qədər dəyişsə də, katalon azarkeşləri üçün əsas həqiqət dəyişməz qalır: Flikin komandası İspaniya çempionluğunu qazanmağa çox yaxındır.