Azərbaycan paytaxtında ənənəvi “Baku Open” beynəlxalq şahmat festivalı davam edir. Turnirin ən nüfuzlu bölməsi olan “A” qrupunda 100 şahmatçı mübarizə aparır ki, onlardan 26-sı ölkəmizi təmsil edir. Səkkiz turdan sonra Azərbaycan təmsilçiləri arasında ən yaxşı göstərici Xəzər Babazadəyə məxsusdur. Aktivində 5,5 xal olan şahmatçımız turnir cədvəlinin lideri olan İran təmsilçisindən 1,5 xal geri qalır.
Digər şahmatçılarımız – Nicat Abasov və Misrətdin İsgəndərov da eyni miqdarda (5,5 xal) toplasalar da, əlavə göstəricilərə görə müvafiq olaraq 11 və 12-ci pillələrdə qərarlaşıblar.
Turnir cədvəlindəki xal fərqi və mövcud rəqabət sonuncu tur öncəsi təmsilçilərimizin çempionluq mübarizəsindən kənarda qalması ilə nəticələnib. İsveçrə sistemi üzrə 9 turdan ibarət olan festivalın ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edir. Qeyd edək ki, əsas yarışla paralel olaraq B və C qruplarında da qaliblər müəyyənləşir.
Xatırladaq ki, festivalın qalibləri sabah keçiriləcək sonuncu turdan sonra müəyyənləşəcək.