“İnter Mayami” klubunun həmsahibi Xorxe Mas argentinalı superulduz Lionel Messinin illik məvacibi ilə bağlı maraqlı detalları paylaşıb. “Bloomberg”ə müsahibə verən amerikalı iş adamı, dünya futbolunun canlı əfsanəsinə ödənilən məbləği ilk mənbədən təsdiqləyib.
Klubun ortaq tərəfdaşı olan Mas, Messinin komandadakı maddi dəyərini yüksək qiymətləndirib. O, 38 yaşlı futbolçunun transferinin klub üçün sadəcə idman uğuru deyil, həm də strateji bir gediş olduğunu vurğulayıb: “Mən Messiyə ödəniş edirəm və inanın ki, o, hər qəpiyinə dəyər. Bu il onun xalis qazancı bütün bonuslar daxil olmaqla 70-80 milyon dollar arasında dəyişir. Hər şey bu məbləğə daxildir”.
Hər nə qədər klubdan alınan maaş 80 milyon dollara yaxın olsa da, Messinin maliyyə imkanları bununla bitmir. İspaniya mətbuatının yaydığı məlumatlara görə, ulduz futbolçunun müxtəlif qlobal brendlərlə olan sponsorluq müqavilələri və şəxsi marketinq gəlirləri onun büdcəsini ikiqat artırır.
Mənbələr qeyd edir ki, reklam tərəfdaşlıqları və MLS-in xüsusi yayın gəlirləri də daxil olmaqla, Messinin illik ümumi qazancı 150 milyon dollar civarındadır. Bu rəqəm onu nəinki ABŞ-da, eləcə də dünya idmanında ən çox qazanan simalardan birinə çevirir.
Xatırladaq ki, 2023-cü ildən “İnter Mayami” forması geyinən Messi, ABŞ-da futbolun populyarlığının artmasında və MLS-in kommersiya dəyərinin yüksəlməsində əsas rol oynamağa davam edir.