Braziliyanın nüfuzlu “O Dia” portalı Azərbaycan futbolunda uğurlu çıxışı ilə diqqət çəkən “Sabah” klubu və onun braziliyalı müdafiəçisi Yaqo Noqeyra haqqında məqalə dərc edib.
Yazıda qeyd olunur ki, 2017-ci ildə yaradılan “Sabah”, fəaliyyətinin 10-cu ili tamam olmadan ölkə futbolunun elitasında sözünü deməyi bacarıb. Hazırda Premyer Liqada inamlı liderliyini davam etdirən və ölkə kubokunda finala yüksələn “tələbələr”, mövsümü “qızıl dubl” (həm çempionluq, həm kubok) ilə başa vurmağa çox yaxındır. Komandanın bu uğurlarında “Fluminense”nin keçmiş üzvü Yaqo Noqeyranın müdafiə xəttindəki stabil çıxışı xüsusi vurğulanıb.
Aprelin 22-də baş tutan gərgin mübarizədə “Sabah” əzəli rəqibi “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək kubokda finala adlayıb. Keçən ilin kubok sahibi olan paytaxt təmsilçisi, bu nəticə ilə həm də statistik göstəricilərini yeniləyib. Çempionatın sona çatmasına 5 tur qalmış ən yaxın izləyicisi olan “Qarabağ”ı 13 xal qabaqlayan “Sabah”, bütün turnirlər daxil olmaqla 31 matçdır ki, məğlub olmur.
Qələbə sevincini bölüşən təcrübəli müdafiəçi Noqeyra komandadakı atmosfer və hədəflər barədə danışıb: “Bu, bizim üçün çox vacib qələbə idi. Azarkeşlərimizin önündə sona qədər vuruşaraq, ruhumuzu ortaya qoyub finala vəsiqə qazandıq. Keçən il kuboku məhz ‘Qarabağ’a qarşı qazanmışdıq, rəqibin bu dəfə revanş üçün nə qədər istəkli olacağını bilirdik. Lakin biz tam fokuslanmışdıq və məşqlərdəki hazırlığımızı meydanda tətbiq edərək məqsədimizə çatdıq”.
Braziliyalı futbolçu həmçinin 31 oyunluq məğlubiyyətsizlik seriyasını qorumağın çətinliyindən bəhs edib: “İnanılmaz bir an yaşayırıq. Bu möhtəşəm mövsüm gərgin əməyin bəhrəsidir. Seriyanı davam etdirmək asan deyil, lakin biz hər oyun üçün vuruşuruq. Hələ qarşıda atılmalı bir neçə addım var. Təvazökarlığı əldən vermədən, eyni əzmlə çalışmağa davam edəcəyik”.