ABŞ-nin “Kolambus Kryu” klubu yeni transferini – millimizin hücumçusu Nəriman Axundzadəni rəsmən təqdim edib.
21 yaşlı forvardla imzalanan müqavilə 2029-cu ilin iyununa qədər quvvədə olacaq. Nəriman viza prosedurları tamamlandıqdan sonra komandaya qoşulacaq və yeni mövsüm hazırlıqlarında iştirak edəcək.
ABŞ klubunun baş meneceri İssa Tall bu transfer barədə yüksək fikirlər səsləndirib:
“Nərimanın texniki qabiliyyəti və yüksək iş əzmi oyun üslubumuza tam uyğundur. Gənc yaşına baxmayaraq, o, həm daxili çempionatda, həm Avropa arenalarında, həm də milli komandada dəyərli təcrübə toplayıb. Onu “Kolambus”da görməkdən məmnunuq və inkişafını maraqla izləyəcəyik. “Kolambus”un rəsmi saytı futbolçunun keçmişinə də yer ayırıb. Qeyd olunub ki, Lənkəranda doğulan futbolçu 2013-cü ildə “Qarabağ”ın akademiyasına daxil olub. O, Ağdam təmsilçisinin heyətində ümumilikdə 127 oyuna çıxaraq 35 qol vurub. Nəriman həmçinin millidə 13 oyun keçirib.