Azarkeş qruplarının “Dünya çempionatı tarixinin ən baha biletləri” ilə bağlı kəskin tənqidlərdən sonra FİFA geri addım atmaq məcburiyyətində qalıb. Qurum, oyunda iştirak edən komandaların azarkeşləri üçün 60 dollarlıq xüsusi biletlərin satışa çıxarılacağını elan edib.
Lakin bu qərar birmənalı qarşılanmayıb. Sözügedən ucuz biletlər stadionun ümumi tutumunun cəmi 1,6%-ni təşkil edir, digər kateqoriyalar üzrə qiymətlər isə dəyişməz qalıb. Ekspertlər və azarkeşlər bu addımı “gözdən pərdə asmaq” kimi qiymətləndirirlər.
Kir Starmerdən FİFA-ya çağırış
Böyük Britaniyanın Baş naziri Kir Starmer də məsələyə reaksiya verərək FİFA-nı qiymətləri daha da aşağı salmağa çağırıb. Xatırladaq ki, bundan əvvəl FİFA, gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək turnirin hər oyunu üçün 45 funt sterlinq dəyərində yeni bilet kateqoriyası təqdim etmişdi.
Starmer sosial şəbəkə hesabında bu barədə yazıb: “FİFA-nın azarkeşlər üçün bilet qiymətlərini bir qədər aşağı salmaq qərarını alqışlayıram. Lakin vaxtilə İngiltərə millisinin oyunlarına bilet almaq üçün pul yığan bir insan kimi, FİFA-nı daha böyük addımlar atmağa çağırıram. Biletlər daha əlçatan olmalıdır ki, Dünya Çempionatı bu oyunu özəl edən əsl azarkeşlərlə əlaqəsini itirməsin”.