UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında Bakıda “Neftçi” üzərində 4:2 hesablı iradəli qələbə qazanan Belarusun “Dinamo” (Minsk) klubunun baş məşqçisi Aleksandr Şaqoyko oyundan sonra mətbuat konfransı keçirib.
Təcrübəli mütəxəssis gözlənilməz hesablı qələbəni şərh edib, oyunun startındakı şok dəqiqələrdən danışıb və cavab qarşılaşması öncəsi xəbərdarlıq edib.
Matçdan öncə 4:2 hesablı qələbəyə inanıb-inanmadığı ilə bağlı sualı cavablandıran Şaqoyko, qarşılaşmanın gözlənilməz ssenari ilə başladığını bildirib: “Bəlkə də 4 qol vuracağımıza inanmazdım. Amma biz ilk 7 dəqiqə ərzində qapımızda iki qol görməyi də planlaşdırmırdıq. Buna baxmayaraq, meydana yalnız qələbə üçün çıxmışdıq və istədiyimizə nail olduq. Kimə qarşı oynadığımızı yaxşı bilirdik və yekunda hər şey planımıza uyğun cərəyan etdi”.
Bakıdakı üstünlüyə baxmayaraq, komandasının cavab matçına tam ciddi hazırlaşacağını vurğulayan belaruslu baş məşqçi iki top fərqinin aldadıcı ola biləcəyini qeyd edib: “Səfərdə belə güclü komandaya qalib gəlmək xoşdur və bu nəticəyə şadıq. Lakin həddindən artıq arxayınlığa qapılmırıq, futbolçularım da bunu çox yaxşı dərk edirlər. Növbəti mərhələni təmin etdiyimizi düşünmək üçün elə də böyük üstünlüyümüz yoxdur. İki top fərqi futbolda ən təhlükəli hesab sayılır. Çünki buraxılacaq tək bir qol hər şeyi bir anda dəyişə bilsin. Bizi cavab matçında çox ağır mübarizə gözləyir. “Neftçi”nin ikinci oyunda müəyyən dəyişikliklər edəcəyini bilirik. Biz də öz xətalarımız üzərində işləyib daha yaxşı hazırlaşacağıq. Məqsədimiz nəyin bahasına olursa-olsun mərhələni adlamaqdır”.