İspaniya mətbuatının yaydığı son məlumatlara görə, “Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqun zədəsi gözləniləndən daha ciddi xarakter alıb. Dünya çempionatında sağ dizindən zədələnən futbolçunun yaşıl meydanlardan uzaq qalma müddəti ilkin ehtimal edilən 4 aydan da çox çəkə bilər.
İyulun 20-də komandanın düşərgəsinə qoşulmalı olan De Yonq təlim-məşq toplanışına gəlməyib. İyulun 13-də dizindəki şişkinlik səbəbindən keyfiyyətli MRT müayinəsi aparmaq mümkün olmasa da, 4 gün sonra keçirilən təkrar müayinə son dərəcə mənfi proqnoz ortaya qoyub. Mövcud vəziyyətdə təcrübəli yarımmüdafiəçi üçün yeganə çıxış yolu cərrahi əməliyyat sayılır.
Artıq dəqiqdir ki, niderlandlı oyunçu komanda ilə birgə İngiltərədəki toplanışa qatılmayacaq, Udinedəki turniri, Qamper Kubokunu və La Liqanın ilk turunda “Elçe”yə qarşı matçı buraxacaq.
Kataloniya klubu yaranmış vəziyyətə görə Niderland milli komandasının məşqçilər korpusundan kəskin narazıdır. “Barselona” rəhbərliyi hesab edir ki, niderlandlılar qəbulolunmaz riskə gedərək futbolçunun səhhətinə səhlənkar yanaşıblar. Belə ki, De Yonq pley-offda Mərakeşlə matçda zədəli halda, Tunisə qarşı görüşdə isə iynə vurularaq meydançaya çıxarılıb.
Əgər futbolçu 4 ay müddətinə sıradan çıxsa, “Barselona” FİFA-dan təxminən 2 milyon avro kompensasiya alacaq.
Məşhur insayder Jerar Romeronun məlumatına görə, De Yonqla baş məşqçi Hansi Flik arasında gərginlik daha əvvələ – Çempionlar Liqasının “Atletiko”ya qarşı cavab oyununa təsadüf edir.
İlk matçda doğma azarkeşləri önündə 0:2 hesabı ilə uduzan kataloniyalılar cavab qarşılaşmasında məğlubiyyətin əvəzini çıxmağa çalışıblar.
Həkimlərin yaşıl işıq yandırmasına baxmayaraq, Frenki de Yonqun matçın 60-cı dəqiqəsindən etibarən meydana çıxacağı gözlənilirdi. Lakin niderlandlı yarımmüdafiəçi risk etmək istəməyərək oyuna yalnız 81-ci dəqiqədə daxil olub.
“Barselona” görüşdə 2:1 hesablı qələbə qazansa da, bu nəticə komandanın turnirdə yoluna davam etməsi üçün kifayət etməyib. Məlumata görə, həmin hadisədən sonra baş məşqçi Hansi Fliklə De Yonq arasında münasibətlər soyuyub. İddialara əsasən, məhz bu amil son dövrlərdə Qavinin komandanın əsas heyətində daha çox şans qazanmasının əsas səbəblərindən biri hesab olunur.
Niderlandın mundialda keçirdiyi 4 matçın hamsında start heyətdə yer alan De Yonq, komandası ilə birlikdə 1/16 finalda Mərakeşə məğlub olaraq turnirlə erkən vidalaşmışdı.
2019-cu ildə 75 milyon avro qarşılığında “Ayaks”dan keçid edən niderlandlı yarımmüdafiəçi bu müddət ərzində “Barselona” formasında 297 matça çıxıb və 8 titul qazanıb.