UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Estoniyanın “Payde” klubunda matçöncəsi gərgin, lakin iddialı əhval-ruhiyyə hökm sürür. Daxili çempionatda “Harju”ya gözlənilməz və ağır hesabla (2:5) məğlub olan komanda diqqətini tam olaraq təmsilçimizlə qarşılaşmaya yönəldib.
Estoniya təmsilçisinin baş məşqçisi Tarmo Kink Soccernet.ee portalına müsahibəsində həm daxili birincilikdəki uğursuzluqdan, həm də “Zirə”yə qarşı keçirəcəkləri vacib oyun haqda danışıb
Kink ölkə çempionatdakı darmadağını tez bir zamanda unutmamağın komandaya ancaq zərər vuracağını bildirib: “Bu matçın üzərində çox dayanmağın mənası yox idi. Əlbəttə, pis nəticədir və heç bir bəhanəmiz ola bilməz. Məsuliyyəti üzərimizə götürməliyik. Amma uzun-uzadı danıışmaqdansa, diqqətimizi qarşıdakı oyuna yönəltməliyik”.
Mütəxəssis heyətdə rotasiyaların olacağını da qeyd edib. Əsas qapıçı Ebrima Jarjunun dincəldiyini, zədəli Marko Meeritsin hələlik sıradan çıxdığını vurğulayan Kink, uzunmüddətli zədəsi olan Uilliam Lins və Gerdo Yuhkami çıxmaqla, digər futbolçuların döyüşə hazır olduğunu bildirib.
Estoniyalı baş məşqçi “Zirə”nin ilk təsnifat mərhələsində Kutaisi “Torpedo”sunu həm evdə, həm də səfərdə 3:0 hesabı ilə darmadağın etməsinə diqqət çəkib. Rəqib haqqında kifayət qədər məlumat topladığını deyən Kink, təmsilçimizin oyun üslubunu yüksək qiymətləndirib: “Bu region üçün təəccüblü dərəcədə intizamlı və yaxşı təşkilatlanmış komandadır. Topla oynamağı bacarırlar, eyni zamanda müdafiədə də çox intizamlıdırlar. Əks-hücumlarda da ciddi təhlükə yaradırlar. Heyətlərində kifayət qədər keyfiyyətli legioner var. Texniki cəhətdən savadlıdırlar və öz oyun strukturlarını sona qədər qoruyurlar”.
Kink “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun uzunmüddətli fəaliyyətini də xüsusi vurğulayıb. Sadıqovun Azərbaycan millisinin rekordçusu olduğunu və 6 ildir “Zirə”ni çalışdırdığını xatırladan mütəxəssis əlavə edib: “Baş məşqçilərinin uzun müddətdir postunda qalması komandanın sabitliyindən xəbər verir. “Zirə” şübhəsiz ki, keyfiyyətli rəqibdir. Amma onlar yenilməz deyillər! Əgər biz meydanda vahid komanda kimi mübarizə aparsaq yaxşı nəticə qazana bilərik“.
İlk matçın öz meydanlarında keçirilməsinə baxmayaraq, Kink ehtiyatlı deyil, cəsarətli futbol tərəfdarı olduğunu özünəməxsus çılğınlıqla ifadə edib: “Evdə və ya səfərdə oynamağımızın fərqi yoxdur, hər zaman cəsarətli olmalıyıq və əqibdən qoruxmamalııq! Səfərdə nə edəcəyik – mudafiədə oturub gözləyəcəyik? Nəyi gözləyirik, Milad bayramını? Yüksək konsentrasiya və intizam nümayiş etdirsək, hər şey mümkündür”. Sonda başqa bir Estoniya klubu “Levadiya”nın “Höteborq” üzərində qazandığı 2:1 hesablı sürpriz qələbəyə toxunan Kink, bu nəticənin onlara da əlavə inam verdiyini bildirib: “Avrokuboklar cəsarətlə ağlın balansını tələb edir. Məsələn, “Ayaks”la açıq futbol oynamağa çalışsanız, tez cəzalanarsınız. Cəsarət lazımdır, amma eyni zamanda ağıllı olmaq da vacibdir. İnamımız var, sadəcə tapşırıqları düzgün yerinə yetirməliyik”.