Bu axşam Bakı növbəti böyük futbol həyəcanına ev sahibliyi edir. Ölkə futbolunun son illərdəki hegemonu “Qarabağ”, Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında Bolqarıstanın ən titullu klublarından olan ÇSKA-nı (Sofiya) qəbul edir. Təmsilçimiz üçün bu oyun növbəti Avropa zəfərinə gedən yolda vacib pillədirsə, Sofiya klubu üçün Bakı səfəri sözün həqiqi mənasında böhrandan çıxış və ya daha dərin bataqlığa yuvarlanmaq imtahanıdır.
Sofiya təmsilçisi Bakıya ciddi kadr itkisi və daxili qalmaqalla gəlib. Komandanın əsas ulduzlarından biri olan kamerunlu yarımmüdafiəçi Ceyms Eto’o intizamsızlıq səbəbindən Bakı səfərindən kənarlaşdırılıb.
Mövsümöncəsi hazırlığın böyük hissəsini müalicə səbəbindən buraxan Eto’o, Bolqarıstan çempionatda “Slaviya”ya qarşı matçın fasiləsində əvəzləndikdən sonra dəhlizdə qalmaqal çıxarıb. O, baş məşqçi Xristo Yanevin icazəsi olmadan matçın ikinci hissəsini izləmədən stadionu tərk edib. Klub rəhbərliyi bu intizamsızlığa göz yummayaraq kamerunlu futbolçunu “Qarabağ”la oyunun heyətindən çıxarıb.
ÇSKA-nın keçmiş hücumçusu Pyotr Vitanov Match Telegraph nəşrinə verdiyi müsahibədə komandasının hazırkı acınacaqlı oyununu və taktiki savadsızlığını kəskin tənqid edib: “Mən ÇSKA-nın “Qarabağ”a qarşı layiqincə mübarizə aparacağını gözləyirəm, lakin son oyunlardan sonra futbolçularda bu həvəsin old-fashioned əmin deyiləm. “Qarabağ” nə qədər güclü olsa da, ÇSKA keyfiyyətli heyətə malikdir. Lakin kor-koranə cinah asılmaları ilə “Qarabağ” kimi komandaya qalib gəlmək mümkün deyil. İspaniyanın Avropa çempionatını mərkəz xəttindəki ağıllı oyunu ilə necə qazandığını gördük. Bizdə də Sensi, Panayotov kimi oyunçular var, amma sahədə nə ideya var, nə də yaradıcılıq”.
Vitanov komandanın digər zəif nöqtələrini də açıq şəkildə sadalayıb: “Müdafiədəki biabırçı vəziyyətdədir. Hətta “Derri Siti”yə 5 qol vursaq da, müdafiəmiz bərbad haldadır. “Slaviya”ilə heç-heçə isə mövsümün başında məğlubiyyətə bərabərdir. Sıx qrafikdən giley-güzar edirlər. Bu futbolçular hər həftə “Barselona” və ya “Real”la oynamırlar. Ən müasir bərpa avadanlıqlarına malikdirlər, amma bəzi oyunçular sahədə heç tər belə tökmür. Baş məşqçi Xristo Yanevə şans verilməsi doğru addımdır, lakin futbolçular onun ideyalarını sahəyə yansıtmırlar. Azarkeşlər dəyişiklik gözləyir “Qarabağ”la matçda minimum məğlubiyyət belə hər şeyin sonu olmaya bilər, lakin bu düşüncə ilə Avropada uzağa getmək imkansızdır”.
Bolqarıstan təmsilçisi üçün Bakıdakı 90 dəqiqə bütün mövsümün taleyini həll edə bilər. Məğlubiyyət təkcə Avropa Liqası ilə vidalaşmaq deyil, həm də klub rəhbərliyi və baş məşqçi Xristo Yanev üzərindəki təzyiqi pik həddə çatdıracaq. Öz oyun üslubu və Avropa təcrübəsi ilə seçilən “Qarabağ” isə rəqibin bu zəif və gərgin anından maksimum yararlanaraq növbəti mərhələnin qapısını elə Bakıdaca aralamaq niyyətindədir.