Lionel Messi argentinalı futbolçu Karlos Tevesin vida matçında iştirak edəcək. Görüş dekabrın 20-də Buenos-Ayresdə, “Boka Xuniors”un əfsanəvi “La Bombonera” stadionunda keçiriləcək.
2022-ci ildə futbolçu karyerasını başa vuran Teves bu qarşılaşma ilə futbolla vidalaşacaq. İngiltərə Premyer Liqasında və İtaliya A Seriyasında uğurlu çıxışları ilə yadda qalan hücumçunun vida mərasimində Messinin iştirakı artıq rəsmən təsdiqlənib.
Messi və Teves 2005-2015-ci illərdə Argentina millisində birgə çıxış ediblər. Onlar 2006-cı ildə Almaniyada və 2010-cu ildə CAR-da keçirilən dünya çempionatlarında da komanda yoldaşı olublar.
Qeyd edək ki, bu, Messinin oktyabrın 6-dan sonra vətənində keçirəcəyi ilk matç olacaq. Həmin gün Argentina millisi Beninlə yoldaşlıq görüşündə qalib gəlib. Bu qarşılaşma Messinin milli komandanın formasında son oyunu olub.
Tevesin vida matçında onun sabiq komanda yoldaşlarından bir neçəsinin də iştirakı gözlənilir. Onların arasında “Mançester Yunayted”dən Rio Ferdinand, “Yuventus”dan Canluici Buffon, “Boka Xuniors”dan Martin Palermo və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero da var.