FİFA prezidenti Canni Infantinonun mundialın genişləndirilməsi ilə bağlı bəyanat İtaliyada kəskin etirazla qarşılanıb.
İştirakçı sayının 48-ə çatdırılmasına baxmayaraq, İtaliya və Polşa kimi futbol nəhəngləri turnirdən kənarda qalıb. Braziliyanın “Caze TV” kanalına müsahibəsində Infantino isə bu uğursuzluğa birmənalı qarşılanmayan zarafatla yanaşıb: “Genişlənmə məsələsi FİFA Şurasına təqdim olunub, amma hələlik gəlin 48 komandalı ilk turnirdən həzz alaq. Bəlkə iştirakçı sayı 64-ə daxil olsa, İtaliya vəsiqə qazana bilər… Hətta onların iştirakına zəmanət vermək üçün komanda sayını 208-ə də qaldıra bilərik”.
İtaliyalıları qəzəbləndirən bu sözlərə rəsmi reaksiya gecikməyib. Ölkənin sol-populist “Beş Ulduz Hərəkatı” partiyasının deputatı Qaetano Amato FİFA rəhbərini sərt tənqid edərək, bu cür çıxışların beynəlxalq qurumun rəhbərinə yaraşmadığını bildirib: “İtaliyanı ələ salmaq, xüsusən də İtaliya daxil olmaqla bütün dünya futbolunu təmsil etməli olan bir şəxs tərəfindən edilirsə, bu, son dərəcə xırdalıq və acizlik nümayişidir. “Skuadra Addzurra”nın uğursuzluqları ciddi məsələdir. Lakin FİFA prezidentinin bu cür səhvləri ondan qat-qat daha ciddidir və biabırçılıqdır”.