“Real”ın təcrübəli qapıçısı Tibo Kurtua yaxın vaxtlarda Kral klubu ilə müqavilənin müddətini daha bir mövsümlük uzatmaq üçün danışıqlara başlamağa hazırlaşır. Bu barədə belçikalı şərhçi Stefan Keyqnert məlumat verib.
Jurnalistin sözlərinə görə, 34 yaşlı qolkiper eyni zamanda Belçika millisinin Millətlər Liqasındakı bütün matçlarını buraxmaq qərarına gəlib. İstisna yalnız digər qapıçıların zədələnməsi halında baş verə bilər.
“Kurtua “Real”la sözləşməni daha bir mövsüm uzatmaq üçün danışıqlara başlayacaq. O, zədə problemi yaranmayacağı təqdirdə, yığmanın baş məşqçisindən onu düşərgəyə çağırmamağə xahiş edib”, – deyə Keyqnert bildirib.
Qeyd edək ki, 2018-ci ildən “Real”ın şərəfini qoruyan Kurtua Madrid təmsilçisinin əsas dayaq sütunlarından biri olaraq qalır.