Meksika mətbuatında “Vest Hem”in futbolçusu Edson Alvaresin tanınmış film prodüserinin qaçırılmasında əli olduğuna dair sensasion iddialar peydə olub. Meksika millisinin üzvü yayılan məlumatları kəskin şəkildə təkzib edib. O, “Instagram” hesabından verdiyi bəyanatda adının bu cinayət hadisəsi ilə əlaqələndirilməsinə sərt reaksiya verib: “Son günlər yayılan iddialar fonunda bu məsələyə qətiyyətli cavab verməyi zəruri hesab edirəm. Bütün ittihamları, eləcə də adımı mənimlə uzaqdan-yaxından əlaqəsi olmayan hadisələr və qanunsuz əməllərlə bağlamaq cəhdlərini qətiyyətlə rədd edirəm”, – deyə 28 yaşlı futbolçu qeyd edib.
Futbolçunun adının bu məsələdə çəkilməsinə keçmiş qayınatası səbəbkar olub. Alvares öz növbəsində üçüncü tərəflərə aid məlumatları təsdiq və ya təkzib etmək, eləcə də şərh bildirmək hüququnun olmadığını bəyan edib.
“Keçmiş partnyorumun atası vasitəsilə adımı bu məsələyə qatmaq cəhdlərinə də münasibət bildirmək istəyirəm. Üçüncü şəxslərlə bağlı iddiaları təsdiq və ya təkzib etmək, yaxud şərh vermək mənim səlahiyyətimdə deyil. Lakin bir şeyi dəqiq bəyan edirəm: haqqında söz açılan hadisələrlə heç bir əlaqəm yoxdur”, – deyə meksikalı yarımmüdafiəçi vurğulayıb.
Alvares bu yay keçirilən Dünya Çempionatında Meksika millisinin şərəfini qoruyub. Lakin 28 yaşlı futbolçunun “Vest Hem”dəki yeni mövsümə startı gözlənilən kimi alınmayıb. Avqustun 8-dən bəri yalnız bir dəfə, Liqa Kubokunda şans qazanan yarımmüdafiəçi, London klubunun Çempionşip çərçivəsində keçirdiyi matçların heç birində iştirak ərizəsinə daxil edilməyib.
