Mərakeş DÇ-2030-un finalına ev sahibliyi etmək iddiasını günbəgün gücləndirir. Şimali Afrika təmsilçisinin FIFA və qurumun prezidenti Gianni Infantino ilə sıx münasibətləri, Kasablankada inşası davam edən Həsən II adına stadionu əsas namizədə çevirib. Hətta arenanın hələ hazır olmaması da Mərakeşin bu iddialı addımının qarşısını ala bilmir.
Məsələ İspaniyanın məşhur “El Larguero” verilişində geniş müzakirə olunub. Ekspertlər finalın İspaniyaya verilməyəcəyi təqdirdə, hətta son dünya çempionunun turnirdə iştirakdan imtina etməsi ehtimalını belə dilə gətiriblər.
Keçmiş referi Iturralde Qonsales vəziyyəti kəskin tənqid edərək bildirib ki, idman prinsipləri və infrastruktura dair vədlər formal xarakter daşıyır: “Kağız üzərində final ən yaxşı idman göstəricilərinə və infrastruktura malik ölkəyə verilməlidir. Amma reallıq fərqlidir. ABŞ-dəki turniri xatırlayaq: final niyə Los-Ancelesdən alındı? Çünki şəhər Trampı dəstəkləməmişdi. Tramp da finalı Nyu-Cersiyə keçirdi. İspaniya və Mərakeş məsələsində də eyni ssenari təkrarlanır — hər şeyi iqtisadi maraqlar həll edir”.
Jurnalist Jordi Marti isə İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Lusanın bəyanatını xatırladıb. Lusan FIFA komissiyasının namizədləri obyektiv qiymətləndirərək ən hazır ölkəni seçəcəyini iddia etsə də, ekspertlər bu qiymətləndirmənin şəffaflığına şübhə ilə yanaşırlar.
Verilişin digər qonağı Xulio Pulido isə finalın Mərakeşə veriləcəyi təqdirdə radikal addımların atılmasını təklif edib: “Əgər finalı bizə verməsələr, mundialdan kənarlaşmağı ciddi şəkildə düşünməliyik. Çünki bu, qeyri-ciddi yanaşmadır və azarkeşlər bunu həzm etməyəcək. Biz ləyaqətimizi qorumalıyıq və çempionatın Mərakeşdə keçirilməsinə, İspaniyanın isə sadəcə bir neçə matça ev sahibliyi edən ikinci dərəcəli ölkəyə çevrilməsinə göz yuma bilmərik”.