Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən dramatik qarşılaşmada “Neftçi”yə 2:3 hesabı ilə məğlub olan “İmişli”nin baş məşqçisi Fərid Namazov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Gənc mütəxəssis ilk növbədə rəqibin gücünə diqqət çəkərək qarşılaşmaya hansı planla çıxdıqlarını açıqlayıb: “Meydana çıxmazdan əvvəl yaxşı dərk edirdik ki, qarşımızda duran rəqib cari mövsümdə keçirdiyi dörd matçın üçündə qalib gəlmiş və çempionluq iddialı bir komandadır. Çətin təzyiq altında oynayacağımızı bilirdik. “Neftçi”nin ilk 15 dəqiqədə böyük qüvvə ilə hücuma atılıb tez bir zamanda hesabı açmağa çalışacağını gözləyirdik. Bizim məqsədimiz bu təzyiqi dəf etmək və öz oyunumuzu qəbul etdirmək idi. Lakin qarşılaşmanın startı bizim üçün uğursuz alındı və ard-arda iki qol buraxdıq”.
Buraxılan qollardan sonra həyata keçirilən taktik dəyişikliklərdən danışan Namazov, komandasının göstərdiyi xarakteri də yüksək qiymətləndirib: “İki qol geriyə düşdükdən sonra dərhal taktiki dəyişikliklərə əl atdıq, futbolçuların mövqelərində rotasiyalar etdik. Sevindirici haldır ki, komandam özünü itirmədi, tez bir zamanda toparlanaraq fasiləyə bərabərliklə yollanmağı bacardı. İlk 20 dəqiqə tam olaraq “Neftçi”nin diktəsi ilə keçsə də, sonradan tarazlığı bərpa edə bildik. Reallıq budur ki, matç boyunca rəqib üstünlüyə malik idi. Bizim əsas planımız isə müdafiədən hücuma sürətli keçidlər və kontrataklar üzərində qurulmuşdu”.