Almaniya millisinin sabiq qapıçısı Eyke Haynrix İmmel dostundan 34 min avro mənimsədiyinə görə dələduzluqda təqsirli bilinib, lakin həbsdən yayına bilib. Marburq şəhər məhkəməsi ona şərti cəza kəsib.
Prokurorluq keçmiş qolkiper üçün 29 aylıq həbs cəzasında təkid etsə də, məhkəmə onu 2 il müddətinə şərti azadlıqdan məhrum edib. Qərarı elan edən hakim Dominik Balts 1980-ci ilin Almaniya ilə Avropa çempionu olmuş İmmelə xəbərdarlıq edib: “Əgər gələcəkdə bu cinayəti təkrarlasanız, birbaşa həbsxanaya gedəcəksiniz”.
Milli komandanın heyətində 19 oyun keçirən 65 yaşlı sabiq futbolçu, həmçinin məcburi narkotiklərlə mübarizə müalicəsinə cəlb olunub və 200 saat ictimai işlərə cəzalandırılıb. Karyerasıda “Borussiya” (Dortmund), “Ştutqart” və “Mançester Siti”də oynamış İmmel kokain asılılığından qurtulmaq üçün dostundan 30 min funt-sterlinq borc almış, lakin pulu qaytarmadığı üçün məhkəmə qarşısına çıxmışdı.
Vəkili Burkhard Beneken müştərisinin reabilitasiyaya ehtiyacı olduğunu bildirib. Məhkəmədə heç vaxt pulu düzgün idarə etməyi öyrənmədiyini etiraf edən İmmel boşanmadan sonra uğursuz investisiyalara 11 milyon avro xərclədiyini və futbol dünyasının ondan üz döndərdiyini bildirib: “Artıq yalan danışmayacağam və ikinci şansa ümid edirəm. Hətta tibbi sığortam da yox idi və daimi olaraq evdən çıxarılmaq təhlükəsi ilə üzləşirdim. Futbol dünyasında heç kim mənimlə əməkdaşlıq etmək istəmirdi. Həyatımı dəyişmək istəyirəm”. Sabiq qapıçının sözlərinə görə, o, gələcəkdə qapıçı düşərgələrində işləyə bilər və ona müxtəlif reytinq-şoulardan təkliflər gəlib.