The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14
Ölkə futbolu

Valdas Dambrauskas Litvadan başlayaraq intellektual televiziya şousunda qazandığı qələbə, London pablarında keçirdiyi ağır iş illəri və “Mançester Yunayted”in futbol məktəblərinə qədər uzanan yolla “Sabah”ı Çempionlar Liqasının əsas mərhələsinə çıxarıb.

Valdas Dambrauskas fasilə vermədən suallar verib cavablandırmaq bacarığına malikdir. 1929-cu ildə “Oskar” mükafatının “Ən yaxşı kişi roluna görə” nominasiyasında ilk qalibi kim olub? Emil Yanninqs. Baxmayaraq ki, bu sualda kimisə Çarli Çaplinin adını çəkməyə də sövq etmək olardı. Dünyada ən çox gündəlik qəzet hansı ölkədə nəşr olunur? Hindistan açıq-aşkar qalib idi. Bəs adambaşına düşən elektrik enerjisi istehsalında dünyada lider olan ölkəni deyə bilərsinizmi? Ailəsi evdən onun çıxışını izləyərək həyəcanla gözləsə də, Dambrauskas cavabı bilirdi: 2002-ci ildə bu, onun doğma Litvası idi.

Bu uğur Dambrauskasa Litvanın “Kim milyonçu olmaq istəyir?” verilişinin yerli versiyası olan “Altı sıfır – bir milyon” adlı intellektual şouda təxminən 725 funt-sterlinq qazandırdı.

“Həmin dövr üçün bu, kifayət qədər böyük pul idi”, – deyə o xatırlayır. “Doğma şəhərimdə həmin pula mənzil ala bilərdim. Çox çətin dövr idi və mənzillər demək olar ki, pulsuz idi. Lakin mən İngiltərəyə gedərək məşqçi olmaq arzusunda idim və hər şey məhz belə başladı”.

Çempionlar Liqası yeni başlayan mütəxəssislər üçün münbit zəmin ola bilər. Lakin Dambrauskasın hekayəsində gələcək karyerasında həlledici rol oynayan əsas amil onun bilik və öyrənmək həvəsi olub.

İyirmi ildən çox vaxt sonra bu hekayə “Old Trafford”da davam edir. Dambrauskas çərşənbə axşamı axşam Azərbaycan çempionu “Sabah”ı klub tarixində ilk Çempionlar Liqası matçına çıxaracaq.

“Hapoel Beer-Şeva” ilə dramatik pley-off mərhələsini keçən və cəmi 2017-ci ildə yaradılan “Sabah”ın bu nöqtəyə qədər gəlib çıxması özü bir futbol nağılıdır. Lakin futbol təcrübəsi olmayan 25 yaşlı bir ofis işçisinin intellektual şouda qazandığı pulla başlayan və Çempionlar Liqasına qədər uzanan karyera yolu müasir futbolda demək olar ki, bənzərsizdir.

Qazandığı pul Dambrauskasa və o vaxtkı sevgilisi, hazırkı həyat yoldaşına Şimali Londona köçmək və tanımadıqları mühitə uyğunlaşmaq imkanı verdi. O, 2000-ci ildə Norveçə iş səfərindən sonra yaranan köçmək planını xatırlayır: “Şouda iştirak etməsəydim belə, mütləq İngiltərəyə gedəcəkdim. Televiziya oyununda iştirak etmək sadəcə planlaşdırma prosesinə təsadüf etdi”.

O, Skandinaviyada olarkən Premyer Liqanın sürətlə artan populyarlığının miqyasını dərk etmişdi: “Anladım ki, əsl futbol məhz buradadır. Litvada futbolçu olmamısansa, məşqçilik karyerasına başlamaq çox çətin idi. Amma İngiltərədə kurs keçə bilsəydim, bəlkə də sonradan Vətənimdə irəliləmək üçün şans qazanardım”.

Dambrauskas Londonda səkkiz il yaşadı. O, ilk günləri belə xatırlayır: “Başlanğıc çox, özüdə həddindən artıq çətin idi. İngiliscə pis danışırdım, heç bir əlaqəmiz və tanışımız yox idi. Müxtəlif yerlərdə yaşayır, təsadüfi işlərdən qazandığımız pulla dolanırdıq”.

O, Musvell Hilldəki pabda işləyib, qəzet paylayıb, uşaq bağçasında çalışıb, bağban və satıcı kimi işləyib, müxtəlif xırda təmir işləri görüb. Bəzən eyni vaxtda bir neçə işi idarə etməli olub. İş günləri ağır keçirdi, lakin onun məqsədyönlülüyü də bir o qədər güclü idi.

Bu, çətinliklərin öhdəsindən gəlməyə çalışan gənc mühacir cütlüyün həyatı idi. İlk övladları 2004-cü ildə dünyaya gəldi. Həmin vaxta qədər Litvada fəlsəfə və sosial elmlər üzrə təhsil almış Dambrauskas London Metropoliten Universitetində idman elmləri və məşqçilik kursuna daxil olmuşdu. Universitetin 10-cu mərtəbəsindəki auditoriyadan o, “Arsenal”ın əfsanəvi məğlubedilməzlik dövründə “Emirates” stadionunun necə ucaldığını izləyə bilirdi.

Finsberi-parkda yerləşən “Sporting Chance” layihəsi “Arsenal”ın bazasına bir addımlıqda olsa da, əslində tamamilə fərqli bir aləm idi. Dambrauskas məhz burada – şənbə səhərləri və məktəb tətillərində uşaqlara məşq keçməklə – ilk məşqçilik vəzifəsini əldə etdi.

Onun növbəti addımı isə daha diqqətçəkən idi. “Mançester Yunayted”in futbol məktəblərində keçirilən bir sıra müsahibələrdən sonra Dambrauskas o vaxtkı “qırmızı şeytanlar”ın bayrağı altında ölkə daxilində, bəzən isə xarici səfərlərdə uşaqlarla işləmək imkanı qazandı.

Adına “Mançester Yunayted” yazılsa da, bu, akademiya futbolundan xeyli uzaq idi. Bununla belə, burada qazandığı özünəinam onun üçün həlledici rol oynadı: “Mənə şans verən “Mançester Yunayted” Fondunun baş direktoru Con Şils oldu. Bilmirəm, məndə nə gördü. O vaxt ingilis dilim çox zəif idi və indi olduğu kimi fikirlərimi səlis ifadə edə bilmirdim. Lakin o, həqiqətən mənə dəstək oldu. İlin sonunda o, işimlə bağlı qiymətləndirmə yazdı. Bildirdi ki, yaxşı işləyirəm və bundan qat-qat artığını edə bilərəm. Bu, mənim üçün böyük bir təkan oldu”.

Universitet dostunun vasitəsilə Dambrauskas “London Tigers” ictimai idman təşkilatı ilə əməkdaşlığa başladı: “O, mənə həmişə məşqçiyə ehtiyac olduğunu deyirdi”.

Nəticədə Dambrauskas Spartan Cənubi Midland Liqasında çıxış edən yarımpeşəkar komandanın baş məşqçisi təyin olundu: “Hər şey məhz orada, müəyyən səviyyədə məşqçilik fəaliyyəti ilə başladı”.

Bu vəzifə ona Həvəskarlar İngiltərə Kubokunda (FA Vase) və İngiltərə Kubokunun ilkin mərhələlərində məşqçilik etmək imkanı verdi.

Dambrauskas həmçinin “Fulhem” və “Brentford”da çalışıb. Daha sonra Tottenhem Kort Roudda yerləşən YMCA-nın Mərkəzi şöbəsində idman təşkilatçısı vəzifəsini tutub. Sonralar “London Tigers”də idmanın inkişafı üzrə menecer vəzifəsinə yüksəlib və London Futbol Assosiasiyasından məşqçilik lisenziyaları alıb: “Bu, məzuniyyətsiz, istirahət günləri olmayan bir dövr idi. Davamlı olaraq oxuyur və öyrənirdim. Bəzən universitet tapşırıqlarını avtobusda tamamlayırdım. Mümkün qədər çox təhsil almağa çalışır, bütün kurslara və görüşlərə qatılırdım. Bu illər ərzində Londonda və şəhərdən kənardakı müxtəlif inkişaf mərkəzlərində məşqçi vəzifələri üçün saysız-hesabsız müsahibələrdə iştirak etdim, çoxsaylı CV və müraciətlər göndərdim. Lakin erkən anladım ki, İngiltərədə karyera pillələri ilə yuxarı qalxmaq çox çətindir və burada peşəkar səviyyədə baş məşqçi olmaq ehtimalım demək olar ki, yox idi. Əgər kiminsə həvəskar proqramdan başlayıb baş məşqçi vəzifəsinə qədər yüksəldiyi belə bir hekayəsi varsa, mən hələ də həmin insanı tanımıram”.

2010-cu ilin sonlarına doğru Dambrauskas əsas məqsədinə çatmağa – Litvada işləməyə hazır olduğunu hiss etdi. O, ölkənin U-17 yığması ilə çalışmağa başladı və həmin vaxt ölkə çempionu olan “Ekranas”a baş məşqçinin köməkçisi kimi qoşulmağa razılaşdı: “London Tigers”də işim var idi, “Brentford”da həftədə 15 saatlıq fəaliyyətim və digər məşğuliyyətlərim mövcud idi. Gözəl həyatımız vardı. Ətrafdakılar isə mənim evə qayıdıb İngiltərədə qazandığımın təxminən beşdə biri qədər maaşa işləməyimi dəlilik hesab edirdilər. Lakin həyatda ən böyük risk risk etməməkdir”.

“Həyat yoldaşıma dəstəyinə görə sonsuz minnətdaram. Bizə həmişə belə sual verirdilər: iyirmi-otuz yaşlarında bir gənc dayanmadan oxuyur, futbolda işləməyə çalışır, mənzil və ya ailəsi üçün başqa bir şey almaq əvəzinə bütün pulunu kitablara və kurslara xərcləyir. Amma hər şeyin necə alındığından çox razıyam və artıq heç kim bu qərarların düzgünlüyünə şübhə etmir”.

Gözlənilməz dönüşlərlə dolu karyerası bundan sonra sürətlə inkişaf etməyə başladı. 2014-cü ilin dekabrında Litvanın ən böyük klubu olan Vilnüs “Jalgiris”inin baş məşqçi tutan Dambrauskas daha iki çempionluq və bir neçə kubok qazandı.

Bu, Pakruojis adlı kiçik şimal qəsəbəsində keçən sadə uşaqlıq illəri ilə müqayisədə ağlasığmaz uğur idi: “Uşaqlığım asan keçməyib. 11 yaşımda atam rəhmətə getdi. Əgər o, mənim “Jalgiris”də işlədiyimi və bu qədər kubok qazandığımızı bilsəydi, dünyanın ən xoşbəxt adamı olardı”.

Lakin Dambrauskas bununla kifayətlənmədi: “Sən əslində heç kimsən və qəfildən belə bir vəzifə əldə edirsən. Sonra hamıya öz dəyərini yenidən və yenidən sübut etməli olursan. Karyera pilləkənində müəyyən mərhələyə çatırsan. Bəs növbəti addım nədir? Növbəti səviyyəyə necə keçmək olar?”

Üç illik fəaliyyətdən sonra o, perspektivli Latviya klubu RFS-ə qoşuldu. Lakin kiçik Baltik futbol mühitindən kənara çıxmaq perspektivinin olmaması onu narahat edirdi.

Sonda bu narahatlıqlarının əsassız olduğu üzə çıxdı. 2020-ci ildən etibarən o, Xorvatiyada “Qoritsa” və “Hajduk”u çalışdırdı. Sonuncu klubu Dambrauskas “heç vaxt silinməyən, üzərində iz qoyan tatu” kimi xarakterizə edir.

Daha sonra Bolqarıstanda “Ludoqorets”, Yunanıstanda OFI, Kiprdə “Omoniya” və “Sabah”a gəlməzdən əvvəl Avropanın ən böyük gizli futbol potensiallarından birinə malik olduğunu düşündüyü Macarıstanın “Diosgyor” klubunda çalışdı.

Xüsusilə Şərqi və Cənubi Avropada bu cür köçəri karyera yolları yeni deyil. Lakin “Sabah” Dambrauskası 2025-ci ildə komandanın sükanı arxasına keçənədək onu transfer etmək üçün iki il çalışmışdı.

Nəhayət, bu əməkdaşlıq baş tutdu və Dambrauskas Azərbaycan futbolunda əsl möcüzə yaratdı.

2024/25 mövsümündə “Sabah” Azərbaycanın flaqmanı “Qarabağ”dan 41 xal geri qalmışdı. Ötən mövsüm isə “Sabah” çempionluq uğrunda mübarizədə “Qarabağ”ı 9 xal qabaqladı və Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazandı: “Qarabağ”a görə çox minnətdaram. Onlara qarşı keçirdiyimiz hər oyun magistr dərəcəsi almaq kimidir”.

Dambrauskas “Hapoel Beer-Şeva” ilə oyunda əlavə vaxtda hesabı bərabərləşdirdikləri zaman tribunaların gurultulu alqışlarla reaksiya verməsindən və milli komanda səviyyəsində dəstəklənən “Sabah”dakı sabitlik və infrastruktura heyranlığından danışır.

Komandanın uğuru onun təbliğ etdiyi cəsarətli, hücum futbolunu oynayan çoxmillətli kollektiv sayəsində əldə olunub: “Amma qarşınızdakı insanı başa düşməsəniz, fikirlərinizi ona çatdırmaq və etibarını qazanmaq çox çətindir. Şərqi Afrikada vacib olan şey Qərbi Afrikada və ya Avropanın başqa yerindəki insan üçün tamamilə fərqli ola bilər. Müxtəlif mədəniyyətləri, adət-ənənələri, danışıq və davranış tərzlərini başa düşmək bacarığı vacibdir. Bunlar olmadan heç nə əldə etmək mümkün deyil və hesab edirəm ki, mənim güclü tərəfim məhz budur”.

Maraqlı təsadüf nəticəsində, çərşənbə axşamı “Sabah”ın matçını tribunadan “Mançester Yunayted”in futbol məktəbində çalışdığı vaxtdan tanıdığı bir çox keçmiş həmkarı izləyəcək.

Bu fikir Dambrauskasın üzündə təbəssüm yaradır. Bir vaxtlar meydanda birlikdə çalışdığı həmin insanların qarşısında “Old Trafford”da olmaq ona əlçatmaz görünürdü: “Amma mənim inamım vardı. Həmişə bacaracağıma inanırdım”.

O, həmçinin tələbəlik illərində Holloway Road-da olarkən qarşılaşdığı digər nəhəng klubla – “Arsenal”la yanvar ayında üz-üzə gələcəkləri üçün də həyəcanlıdır.

49 yaşlı mütəxəssis “Sabah”ı yeni səviyyəyə qaldıra bilsə, şübhəsiz ki, Avropanın ən çox tələb olunan məşqçiləri sırasında yerini möhkəmləndirəcək: “Biz hamıya hörmət edəcəyik, lakin heç kimdən qorxmayacağıq. Litvanın “Colours of Bubbles” qrupunun “Həqiqət, yoxsa çağırış” adlı çox gözəl mahnısı var. Çox yaxın zamanda özümüz və nəyə qadir olduğumuz barədə həqiqəti öyrənəcəyik. Bu, bizim üçün çox faydalı olacaq. Çünki mən bu klubun birdəfəlik qurulan komanda olmasını istəmirəm”. Yekun cavabına gəldikdə isə, bəlkə də Dambrauskasın bütün müsahibə boyu verdiyi ən vacib mesaj məhz budur.

Paylaş:

Xəbər Lenti

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20