Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən görüşdə “Qəbələ”ni doğma meydanda minimalist hesabla məğlub edən “Kəpəz”in baş məşqçisi Azər Məmmədov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
Gəncə təmsilçisinin çalışdırıcısı komandasının çıxışını dəyərləndirərək uğurlu nəticəyə baxmayaraq, qarşıda hələ böyük işlərin olduğunu vurğulayıb: “Hər oyunda qalib gələcək qədər güclü deyilik, lakin hər matça məhz bu məqsədlə çıxırıq. İnanıram ki, azarkeşlərimiz tezliklə daha iddialı və nizamlı bir ‘Kəpəz’ görəcəklər. Lakin bir şeyi unutmaq olmaz: komandaya rahat işləmək imkanı verilməsə, burada güclü kollektiv formalaşdırmaq mümkün deyil. Sükan arxasında kimin olmasından asılı olmayaraq, zamana ehtiyac var. Yalnız bu halda ‘Kəpəz’in əvvəlki əzəmətini və iddialı ruhunu bərpa edə bilərik”.
Baş məşqçi taktiki baxımdan düzgün hazırlaşdıqlarını və komandasının verilən tapşırıqları dəqiqliklə yerinə yetirdiyini bildirib: “Bu gün çox keyfiyyətli rəqibə qarşı mübarizə apardıq. ‘Qəbələ’ni düzgün analiz etmişdik və opponentin aparıcı futbolçularını neytrallaşdırmağı bacardıq. Meydanda həqiqətən yaxşı oyun nümayiş etdirdik. Hətta matç məğlubiyyətlə başa çatsaydı bile, yetirmələrimin mübarizəsindən razı qalacaqdıq. Mövcud büdcəmiz çərçivəsində kifayət qədər döyüşkən və heyətlə mübarizə aparan komanda qura bilmişik”.