Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan milli komandasının daha 4 təmsilçisi tatami üzərinə çıxıb.
73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev turnirə inamlı qələbə ilə başlayaraq fransalı Orlando Kazorlanı məğlub edib. Təmsilçimiz 1/16 finalda Oskar Pertelsenə (Estoniya), 1/8 finalda isə Renat Kroitoruya (Moldova) qalib gəlib. Dörddəbir finalda İsrail cüdoçusu Ohad Moritsi üstələyən Məmmədəliyev yarımfinala yüksəlib. Bu mərhələdə yaponiyalı Şusuku Uçimuranı da məğlub edən idmançımız adını finala yazdırıb. Həlledici qarşılaşmada isə İsveç təmsilçisi Narek Vardanyanı məğlubiyyətə uğradan Rəşid Məmmədəliyev turnirin qızıl medulla başa vurub.
Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Kamran Süleymanov isə ilk görüşdəcə Natan Kadinyana (Fransa) uduzaraq mübarizəni vaxtından əvvəl dayandırıb.
81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə startda Odisseas Qeorqakisdən (Kipr) üstün olub. Cüdoçumuz 1/16 finalda Abdul-Kərim Tasuyevə (Rusiya), 1/8 finalda bolqarıstanl Hristov Valkova (Bolqarıstan), dörddəbir finalda isə Vasiliye Qruyiçiçə (Serbiya) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda Yaponiya təmsilçisi Yoşito Hojoya yenilən Vüsal təsəlliverici görüşə çıxıb. Bürünc medal uğrunda qarşılaşmada Naçe Herkoviçi (Sloveniya) məğlub edən 3-cü yeri tutub.
Bu çəkidə çıxış etməli olan Hidayət Heydərov zədə səbəbindən turnirdə iştirak etməyib.
77 kq çəki dərəcəsində mübarizə aparan qadınların yarışında isə Südabə Ağayeva ilk görüşdə Tais Pineyə (Portuqaliya) məğlub olaraq yarışla erkən vidalaşıb.
İkinci günün yekunlarına əsasən, millimizin hesabında 2 (1 qızıl, 1 bürünc) medal var. Rəşid Məmmədəliyev (73 kq) turnirin çempionu olub, Vüsal Qələndərzadə (81 kq) isə bürünc medala qazanlb.