“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukraynanın “Tribuna” portalına müsahibəsində Azərbaycandakı həyatından, fəaliyyətindən, Premyer Liqanın səviyyəsindən və yeni mövsüm üçün qarşıya qoyulan hədəflərdən danışıb.
Sizə həmin müsahibəni idman jurnalistikası üslubuna uyğunlaşdırılmış formada təqdim edirik:
– “Neftçi” ilə bağladığınız yeni müqavilədən başlayaq. Başqa variantları nəzərdən keçirirdiniz, yoxsa komandada hər şey sizi qane edirdi?
– “Neftçi”dəki bütün şərtlər məni qane edir. Həm komandanın səviyyəsi, həm də yaradılan şərait kifayət qədər yaxşıdır. Rəhbərlik mənə yeni müqavilə təklif edəndə, dərhal müsbət cavab verdim və onlara doğru addım atdım. Buna görə də hər şey əladır.
– Yeni mövsümün hədəfləri barədə artıq rəhbərliklə danışmısınız?
– Hədəflər həmişə ən yüksək səviyyədədir. Xüsusilə nəzərə alsaq ki, bu il “Neftçi” 90 illik yubileyini qeyd edir. Təbii olaraq ən yüksək yerlərə çatmaq istəyirik. Lakin yubiley olmasa belə, “Neftçi” Azərbaycanın ən köklü və tarixi klubudur, ona görə də burada məqsədlər hər zaman maksimumdur.
– Ötən mövsümü dördüncü pillədə başa vurdunuz. İndi hansı əyarlı medalları hədəfləyirsiniz?
– Ən yüksək əyarlı medalları qazanmaq istəyirəm, qalanını isə zaman göstərəcək. Nəzərə alsaq ki, mən iki dəfə – Belarus və Moldovada çempionluq sevinci yaşamışam, niyə də Azərbaycanda çempion olmayım? Bunu özüm də çox istəyirəm və qarşıma belə bir hədəfin qoyulmasından xoşbəxtəm.
– Komanda Konfrans Liqasının təsnifat mərhələsində çıxış edəcək. Orada hansı nailiyyətlərə imza atmaq istərdiniz?
– Bəli, çempionatda dördüncü yeri tutmaqla Konfrans Liqasında ikinci təsnifat mərhələsindən mübarizəyə başlamaq hüququ əldə etdik. Mən karyeram ərzində Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələlərində oynamışam, lakin Konfrans Liqasının qrupunda hələ olmamışam. Bu səbəbdən ora vəsiqə qazanmağı çox istəyirəm.
– Azərbaycan futbolu barədə nələri bilməliyik?
– Çempionat çox maraqlı keçir. Yüksək divizionda 12 komanda üç dövrəlik sistemlə mübarizə aparır. Püşkatma elə qurulur ki, bir komanda ilə üç dövrənin ikisini evdə, yaxud iki dəfə səfərdə və yalnız bir dəfə evdə oynaya bilərsən. Məhz bu kimi nüanslar çempionata xüsusi maraq qatır.
Çempionat kifayət qədər proqnozlaşdırılmazdır. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalardan nə gözləyəcəyinizi bilmirsiniz. Məsələn, “Qarabağ” ötən mövsüm “Kəpəz” kimi komandalarla matçlarda mühüm xallar itirmişdi. Azərbaycanda çox yaxşı və güclü klublar var – “Neftçi”, “Qarabağ”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Araz-Naxçıvan”. Adını çəkdiyim bu altı komanda həmişə ən yüksək yerlər uğrunda rəqabət aparır.
Ümumilikdə, çempionatın səviyyəsi yaxşıdır. Düzdür, indi təlim-məşq toplanışları gedir və yoxlama oyunlarında Ukrayna klubları “Qarabağ” və “Sabah”a qalib gəldi. Ancaq toplanışın öz xarakteri var. Heç kim komandaların bu oyunlara necə hazırlıq keçdiyini bilmir. Kimi futbolçulara ağır fiziki yüklənmələr verir, kimi isə birbaşa matçlara hazırlaşır. Ona görə də yoldaşlıq oyunlarına əsasən qəti fikir bildirmək çətindir.
Azarkeşlərə gəlincə, onlar oyunlara gəlirlər. Xüsusən də “Neftçi”nin “Qarabağ” və ya “Sabah”la matçlarında tribunalar dolur. Ötən mövsüm “Qarabağ”la evdə keçirdiyimiz iki oyunda stadion demək olar ki, tamamilə dolmuşdu. “Neftçi”, “Qarabağ” və “Sabah”ın çox böyük azarkeş ordusu var.
– Ötən mövsüm Ukrayna futbolunda hakimliklə bağlı çox mübahisələr oldu. Azərbaycanda bu baxımdan vəziyyət necədir?
– Azərbaycanda da hakimlik hər yerdə olduğu kimidir. İnsanlar səhv edir, şikayətlər çox olur. Düşünürəm ki, bu, baş məşqçi olaraq müzakirə etmək istəmədiyim ən həssas mövzulardan biridir. Nə qədər istəməsək də, bu amil futbolda olub, var və həmişə olacaq.
Bunu hətta dünya çempionatı da sübut edir. Orada da hakimlərin ciddi səhvləri və mübahisəli qərarları olur. Buna görə də hər məşqçi hakimin səhv etdiyini iddia edəcək, hakim isə öz qərarının doğruluğunu müdafiə edəcək. Ötən mövsüm mən də oxşar halla üzləşdim, xüsusən də “Zirə” ilə oyunda. Matç heç-heçə başa çatdı və bəlkə də orada itirilmiş xallar bizə üçüncü yeri tutmağa imkan vermədi.
Məsələn, “Turan Tovuz”la eyni xala malik idik, lakin reqlamentə əsasən əvvəlcə komandanın neçə qələbə qazandığına baxılır. Görürsünüz, futbolda belə məqamlar da olur. Amma heç nə etmək olmur. Hər kəs qərarda səhv olduğunu etiraf etsə də, onu heç kim ləğv etməyəcək. Odur ki, səbrli olmaq və bir-birinə hörmət etmək lazımdır. İnciklik heç nəyi dəyişmir. Təbii ki, meydanda emosiyalar olur, lakin onları cilovlamağı bacarmalıyıq.
– Futbolçularınız və klub rəsmiləri “Neftçi”nin oyununda və nəticələrindəki müsbət dinamikanı qeyd edirdilər. Buna necə nail oldunuz?
– İlk növbədə onu deyim ki, mən bura gələndə də oyunçuların səviyyəsinin yaxşı olduğunu bildirmişdim. Komandada texnikalı və sürətli futbolçular cəmləşib. Sadəcə, oyun strukturunun üzərində bir az işləmək tələb olunurdu. Futbolçular hər şeyi dərhal anladılar və meydanda xarakter nümayiş etdirdilər. Fəlsəfəmizi – mənim və məşqçilər qərargahımın ideyalarını düzgün qavradıqlarına görə hər birinə minnətdaram. Məhz bu səbəbdən komanda olaraq irəliyə doğru böyük bir addım ata bildik.
Hazırda komanda yenilənib, ona görə də bəzi şeylərə yenidən başlamaq lazımdır. Ancaq burada heç bir problem görmürəm. Uşaqlar hazırdır – dayanmadan çalışırlar. Düşünürəm ki, hər şey qaydasında olacaq. Qarşımıza qoyulan vəzifələri yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik. Bu, bizim potensialımız daxilindədir. Xarakter və nizam-intizam ən həlledici amillərdir. Həmçinin futbolçuların bizim nədən danışdığımızı, meydanda nə görmək istədiyimizi, necə hərəkət etməli olduqlarını, hücumda və müdafiədə hansı sistemin qurulmasını dərk etmələri çox vacibdir. Onlar bütün bunları anlayır və icra edirlər deyə nəticə də var. Əgər bu mexanizm işləməsə, heç vaxt uğur qazanmaq mümkün deyil.
Əgər kimsə hansısa taktiki gedişi başa düşmürsə, yaxınlaşıb soruşmaqda problem yoxdur. Biz hər detalı izah edirik. Futbolçular bilirlər ki, hər hansı bir sualla bağlı onlarla 7/24 əlaqədəyəm. Əsas odur ki, diqqətli olasan və meydanda xarakter göstərəsən. Hətta nəsə alınmayanda belə, əsəbiləşmək əvəzinə, daha çox işləmək lazımdır.
– Mən heç vaxt Azərbaycanda olmamışam. 2026-cı ildə bu ölkə necədir?
– Azərbaycan çox xoşuma gəlir. İnsanları olduqca tərbiyəli, mehriban və qonaqpərvərdirlər. Onlarla ünsiyyət qurmaqda heç bir problem yaşanmır. Paytaxt Bakı fəal şəkildə inkişaf edən, çox gözəl bir şəhərdir. Xəzər dənizinin sahilində yerləşdiyinə görə burada geniş dəniz məhsulları çeşidi var. Yeməkləri çox ləzzətlidir – yerli mətbəx tam mənim zövqümə oxşayır.
İqliminə gəldikdə, yayda isti olur, qışda isə Ukraynadakı qədər sərt soyuqlar olmur. Burada temperatur o qədər də yüksək olmur – təxminən +30, +32 °C. Lakin dəniz kənarı olduğuna görə rütubət yüksəkdir. Temperatur +25, +27 °C-yə çatanda rütubətə görə nəfəs almaq bir qədər çətinləşir. Yeganə xilas edən amil küləkdir. Təsadüfi deyil ki, Bakını küləklər şəhəri adlandırırlar. Külək şəhərə sərinlik və təravət gətirir, beləliklə istiyə dözmək xeyli asanlaşır.
Azərbaycan haqqında yalnız müsbət fikirlər səsləndirə bilərəm. Üstəlik, azərbaycanlılar Ukraynanı çox dəstəkləyir və daim kömək edirlər. Mən bu xalqı və dövləti sevirəm. Hər şey həqiqətən əladır.
– “Neftçi”dəki fəaliyyətiniz dövründən hər hansı yadda qalan bir hadisəni bizimlə bölüşərdiniz.
– Mən təbiətcə çox sakit və təmkinli insanam. Həyat yoldaşımla şəhərdə gəzintiyə çıxarkən insanlar tez-tez yaxınlaşıb şəkil çəkdirir, “Neftçi”yə uğurlar və qələbələr arzulayırlar. Belə hallarla mütəmadi qarşılaşırıq. Xüsusən də axşam şam etməyə və ya nahara gedəndə. Restoranlarda ofisiantlar tanıyır, böyük hörmətlə yanaşır, futbol barədə xeyli söhbət edirik. Xüsusi bir hadisə xatırlamıram, lakin gündəlik münasibət çox xoşdur.
– Sizin adınız tez-tez Ukrayna milli komandası ilə hallanır. Nə vaxtsa yığmada işləmək xəyalınız varmı?
– Düşünürəm ki, bu, hər bir məşqçinin ən böyük xəyalı və arzusu olmalıdır. Nəticə etibarilə, milli komandanın sükanı arxasında olmaq özünü ən yüksək səviyyədə sübut etmək üçün böyük şansdır və çox məsuliyyətli vəzifədir. Ancaq bunu da yaxşı anlayıram ki, məndən başqa bu posta layiq olan kifayət qədər yaxşı ukraynalı və əcnəbi mütəxəssis var.
Məsələn, Andrea Maldera (Ukrayna yığmasının hazırkı baş məşqçisi) ukraynalı deyil, ancaq o, tam haqlı olaraq bu postu tutur. Ona özünü ən yaxşı tərəfdən göstərməyi arzulayıram ki, onun rəhbərliyi altında milli komandamız ən yüksək nəticələrə nail ola bilsin. Millinin bütün oyunçuları onun haqqında çox müsbət fikirdədirlər, ona görə də inanıram ki, hər şey yaxşı olacaq.
– İşğalın ilk günlərində Ukraynaya qayıdaraq Silahlı Qüvvələrin sıralarına qoşulduğunuzu və qəti mövqeyinizi hamı bilir. Ancaq “Neftçi”də adınızla bağlı bəzi həssas məqamlar yaşandı. Qurban Berdiyevlə əl görüşməyiniz və klubunuzun Moskvanın “Lokomotiv” klubu ilə əməkdaşlığı. Bu mövzulara münasibətiniz necədir?
– Mən həmişə ukraynalı olmuşam, ukraynalıyam və ukraynalı olaraq da qalacağam. Bilirsiniz, mətbuatda bu barədə oxumaq mənim üçün çox narahatedici idi. Xüsusən də məni yaxından tanıyan insanların belə şərhlər yazması ağırdır. Lakin bu, onların hüququdur, hər kəs vəziyyəti fərqli qiymətləndirir. Həyatdır, haradasa səhvlər ola bilər, amma əsas odur ki, bu səhvləri qəbul edib düzgün nəticə çıxarasan. Qalan hər şey isə artıq tarixdir.
– Bəlkə bu mövzuda klub rəhbərliyi ilə də müzakirələriniz olub?
– Bəli, hələ ən əvvəldən mənim dərhal klubla bu barədə müzakirəm oldu, çünki həmin məlumatı mən də hamı kimi mətbuatdan eşitmişdim. Bu əməkdaşlıq yalnız uşaq akademiyasına aiddir. O müqavilə mənim bura gəlişimdən çox əvvəl razılaşdırılmışdı və mənim işimlə qətiyyən heç bir əlaqəsi yoxdur. Mənim uşaq akademiyası ilə heç bir əlaqəm yoxdur və onların idarəetməsinə təsir edə bilmərəm. Amma sizi bütün səmimiyyətimlə əmin edə bilərəm ki, mən heç yerə getmirəm və getməyəcəyəm. Bütün diqqətimi yalnız Azərbaycanda, “Neftçi”nin əsas komandası ilə işimə cəmləmişəm.