Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” yoxlama oyununda Serbiyanın “Radniçki” (Niş) klubunu 3:0 hesabı ilə məğlub edib. Görüşdən sonra paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına açıqlama verərək komandasının çıxışını dəyərləndirib. Ukraynalı mütəxəssis bildirib ki, yoxlama oyunlarında əsas məqsəd nəticədən çox futbolçuların hazırlıq səviyyəsini və taktiki tapşırıqların icrasını qiymətləndirməkdir. “Yoxlama matçlarında əsas məqsəd futbolçuları yoxlamaq və taktiki gedişlər üzərində işləməkdir. Nəticə bizim üçün prioritet olmasa da, qələbə qazanmaq həmişə xoşdur. Futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik. Həm ilk, həm də ikinci hissədə meydana çıxan oyunçular əllərindən gələni etdilər. Bəzi futbolçuları müxtəlif mövqelərdə sınamaq imkanımız oldu. Hazırlığımız plan üzrə davam edir. Artıq təlim-məşq toplanışının son mərhələsindəyik. Qarşıda daha bir yoxlama oyunumuz var. Həmin görüşdən sonra Bakıya qayıdacağıq. Bir neçə günlük istirahətdən sonra UEFA Konfrans Liqasındakı ilk rəsmi oyunumuza hazırlaşacağıq. Sevindirici haldır ki, komanda həm fiziki, həm də psixoloji baxımdan yaxşı vəziyyətdədir”, – deyə Vernidub bildirib.