“Atletiko”nun əfsanəsi Fernando Torres boks aparatında gücünü sınayıb və yeni rekord müəyyənləşdirib.
Hazırda Madrid klubunun B komandasında baş məşqçi kimi çalışan 42 yaşlı ispaniyalı iki zərbə ilə diqqət çəkib. İlk cəhdində 955 xal toplayan Torres rekorddan cəmi 7 xal geri qalıb. İkinci zərbəsində isə nəticəsini 970 xala çatdıraraq aparatın yeni rekorduna imza atıb.
Torresin zərbələri ilə yanaşı, fiziki görünüşü də sosial şəbəkələrdə böyük maraq doğurub. Futbolçu karyerası dövründə arıq və çevik görünüşü ilə seçilən sabiq hücumçu peşəkar futboldan getdikdən sonra intensiv məşqlərə və bodibildinqə başlayıb. Nəticədə onun fiziki görünüşü ciddi şəkildə dəyişib.
“El Ninyo” ləqəbi ilə tanınan Torres futbolçu kimi əsasən sürəti, texnikası və partlayıcı gücü ilə seçilirdi. İndi isə o, əzələli bədən quruluşu ilə tamam başqa görünüşdədir.
Torres 2019-cu ildə Yaponiyanın “Saqan Tosu” klubunda karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. O, doğma “Atletiko”da əvvəlcə gənclər komandalarında çalışıb, daha sonra B komandasının baş məşqçisi təyin olunub.
İspaniyalı mütəxəssis “Atletiko”nun əsas komandasında 17 yaşında debüt edib və qısa müddətdə klubun simvollarından birinə çevrilib. 2007-ci ildə “Liverpul”a keçən Torres burada dünyanın ən təhlükəli hücumçularından birinə çevrilib.
O, İspaniya millisinin heyətində 2008 və 2012-ci illərdə Avropa çempionu, 2010-cu ildə isə dünya çempionu olub. “Çelsi” ilə Çempionlar Liqası və Avropa Liqasının qalibi olan Torres 2015-ci ildə “Atletiko”ya qayıdıb və karyerasının sonuna qədər Madrid klubunun azarkeşlərinin sevimlilərindən biri olaraq qalıb.
El Niño making it look easy 😮💨 pic.twitter.com/e31Oa5EfIa
— Atlético de Madrid (@atletienglish) September 11, 2026