“Hall Siti”nin yeni transferi Sorba Tomas “Çelsi” ilə oyundan cəmi bir gün əvvəl avtomobil qəzasına düşüb.
27 yaşlı futbolçunun “Land Rover Defender” markalı avtomobili “Hall Siti”nin məşq bazasının yaxınlığında aşıb. Maşının damı üstə çevrilməsinə baxmayaraq, Tomas qəzadan xəsarətsiz qurtulub.
Hadisədən sonra dərhal komandanın düşərgəsinə qayıdan vinger tibbi müayinədən keçirilib. Klub onun meydana çıxmasına mane olacaq hər hansı problemin olmadığını açıqlayıb.
Nəticədə baş məşqçi Sergey Yakiroviç Tomasa “Stemford Bric”də “Çelsi”yə qarşı keçirilən Premyer Liqa matçının 60-cı dəqiqəsində şans verib. Görüş 2:2 hesabı ilə başa çatıb.
Tomas bu yay “Stok Siti”dən “Hall Siti”yə təxminən 8 milyon avro qarşılığında transfer olunub. Bonuslarla birlikdə keçidin ümumi məbləğinin 11,5 milyon avroya çatacağı bildirilir.
“Xaddersfild” və “Stok Siti”də çıxış edən vinger Çempionşipdə sürəti və fərdi oyunu ilə tanınıb. “Hall Siti”nin Premyer Liqaya qayıdışından sonra Tomas hücum xəttini gücləndirmək məqsədilə komandaya cəlb olunan əsas transferlərdən biri olub.
Futbolçunun ağır qəzadan cəmi 24 saat sonra Premyer Liqada meydana çıxması isə İngiltərə mediasında xüsusi diqqət çəkib.