Müqavilə ilə Madrid “Real”ına məxsus olan və hazırda icarə əsasında “Fiorentina”da çıxış edən Franko Mastantuono Avropanın “Böyük beşlik” liqaları tarixinə adını qızıl hərflərlə yazdırıb. O, top-5 liqalarda het-trik edən ən gənc argentinalı futbolçu kimi yeni mütləq rekord müəyyənləşdirib.
Cümə günü İtaliya A Seriyasının 4-cü turunda “Fiorentina”nın “Venesiya”nı 4:2 hesabı ilə məğlub etdiyi matçda Mastantuononun 19 yaş 28 günü tamam olub. Bununla da o, əfsanəvi həmyerlisi Lionel Messiyə məxsus olan tarixi nailiyyəti geridə qoyub.
Xatırladaq ki, hazırda 39 yaşı olan Messi analoji uğura 19 yaş, 8 ay və 14 günlüyündə imza atmışdı. Ulduz hücumçu 10 mart 2007-ci ildə “El Klasiko”da – “Real”la 3:3 hesabı ilə başa çatan unudulmaz matçda rəqib qapısından üç top keçirmişdi. Bu, argentinalının “Barselona” karyerasındakı 48 het-trikindən birincisi idi.
2007-ci ildən bəri heç bir gənc argentinalı İngiltərə, İspaniya, Almaniya, İtaliya və ya Fransa çempionatlarında bir matçda üç qol vurmağı bacarmamışdı.
Mastantuononun parlaq performansı təkcə fərdi rekordla yadda qalmayıb. Onun bu inamlı çıxışı ardıcıl üç məğlubiyyətlə üzləşən “Fiorentina”nı böhrandan çıxarıb və komandaya həyati əhəmiyyətli qələbə qazandırıb. Bundan əlavə, gənc istedad “Fiorentina” tarixində het-trik edən ən gənc əcnəbi futbolçu unvanına da yiyələnib.