Ukrayna yığmasında gözlənilən təyinat rəsmiləşib. Ukrayna Futbol Assosiasiyası (UAF) “mavi-sarılılar”ın yeni baş məşqçisinin adını açıqlayıb. İnamlı və radikal addımları ilə seçilən qurum sükanı italyan mütəxəssis Andrea Malderaya tapşırıb.
Maraqlıdır ki, təyinatın rəsmiləşdiyi gün, yəni bu gün italyan çalışdırıcının 55 yaşı tamam olub. Bu, onun üçün unudulmaz ad günü hədiyyəsinə çevrilib. Futbolsevərlər Malderanı yaxşı tanıyırlar; o, 2016-2021-ci illərdə Ukrayna millisində əfsanəvi Andriy Şevçenkonun köməkçisi kimi fəaliyyət göstərib və komandanın uğurlarında böyük pay sahibi olub. Daha sonra isə Roberto De Dzerbinin korpusunda yer alaraq “Brayton” və “Marsel”də təcrübə toplayıb. O, Fransa klubundan bu ilin fevral ayında ayrılmışdı.
Andrea Maldera bu postda DÇ-2026-nın pley-off mərhələsindəki uğursuzluqdan sonra istefaya göndərilən Sergey Rebrovu əvəzləyib. Bununla da Maldera Ukrayna millisinin tarixinə ilk əcnəbi baş məşqçi kimi düşüb.