“Qarabağ” klubunun prezidenti Tahir Gözəlin İdarə Heyəti, məşqçilər korpusu və futbolçularla keçirdiyi son görüşü maraqlı bəyanatlarla diqqət çəkib. Bu görüşdə komandanın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyərək yazdığı tarixi uğur və gələcək hədəflər müzakirə olunub. Bura qədər əla! “Qarabağ” doğrudan da Avropa arenasında çiyinlərindən yuxarı tullanaraq ciddi nailiyyət əldə etdi. Buna heç kimin iradı və sözü ola bilməz. Baxmayaraq ki, vaxtilə həmkarlarımızdan biri “Ayntraxt” üzərində qələbədən sonra “Başınızı atıb yatın, bunun bizim futbola dəxli yoxdur” kimi ifadə səsləndirmişdi. CBC Sport şərhçilərinin sevimli və təkrar-təkrar işlətdiyi yorucu bir ifadə var: “böyük mənada”. Bax indi o söz olmasın, böyük mənada “Qarabağ”ın Avropa arenasında bu gün qazandığı Azərbaycan futbolunun uğurudurmu” sualı hələ də aktualdır. Vaxtilə “Ferentsvaroş”la “Qarabağ”a uduzan baş məşqçi Robbi Kin də elə həmkarımızın o sözünü demişdi ki, bu qələbənin “Azərbaycan futboluna aidiyyəti yoxdur”. “Qarabağ” klub olaraq nailiyyət əldə edib, amma bu gələcəyə hesablanan nailiyyətdirmi? Sual da budur. Həmin görüşdə Tahir Gözəl klub akademiyası ilə bağlı elə dürlü sözlər, bəzəkli ifadələr işlətdi ki, biz də çaş-baş qaldıq. Bu kino danışır, ya həqiqət?!
Tahir Gözəl 15 ildən çoxdur ki, “Qarabağ”ın sükanı arxasındadır. Onun dediyinə görə akademiyanın inkişafı istiqamətində işlər ardıcıl şəkildə davam edir və artıq öz bəhrəsini verməyə başlayıb. Amma ortaya haqlı bir sual çıxır: UEFA Gənclər Liqasında ard-arda darmadağın olan, rəqiblərinə böyük hesablarla uduzan bir komandanın hansı inkişafından və hansı beynəlxalq təcrübəsindən danışmaq olar?
Tahir bəy iddia edir ki, akademiyada yetişən gənclər yaxın illərdə əsas komandada və milli komandada uğurla çıxış edəcəklər. Lakin gəlin, rəhbərliyin bu utopik bəyanatı ilə komandanın baş məşqçisi Qurban Qurbanovun acı reallığı əks etdirən sözlərini qarşı-qarşıya qoyaq. “Ayaks”la matçdan sonra jurnalistlərin “«Qarabağ»ın U-19 komandası 6 oyunun hamısında darmadağınla məğlub oldu” sualına təcrübəli mütəxəssis necə cavab vermişdi: “Əgər U-19 komandamız rəqiblərinə bu dərəcədə böyük hesabla uduzursa, 4-5 ildən sonra bu futbolçuların çıxış edəcəyi matçların səviyyəsi necə olacaq? Gələcəyimiz adına bu, bizim üçün böyük təhlükədir, SOS siqnalıdır. Bəlkə də kənardan hər şey yaxşı görünür, mübarizə apara bildiyimizi və nəticələrin qənaətbəxş olduğunu düşünürlər. Amma perspektivə baxsaq, aradakı uçurum getdikcə böyüyür…”
İndi istər-istəməz sual ortaya çıxır: Kim yalan danışır? Tahir Gözəl, ya Qurban Qurbanov? Baş məşqçinin bu həyəcan təbili fonunda Tahir Gözəlin “hər şey qaydasındadır” bəyanatına qiyməti elə oxucuların ixtiyarına buraxırıq. Görünən odur ki, klubun daxilində idarəçilərin gördüyü mənzərə ilə sahədəki real vəziyyət arasında kəskin təzad var. Əlbəttə, hədəflər fərqlidir. Qurbanov bir mütəxəssis kimi meydanda olan problemləri görür və narahatdır. Tahir Gözələ isə Bakıxanov qəsəbəsində torpaq, Suraxanıda ərazi lazımdır. Ağdamlılar bir zamanlar yenidən Ağdamda o möhtəşəm futbol atmosferini yaşamaq arzusu ilə, Gəncə, Mingəçevir, Tovuz və başqa futbol ocaqları ilə gərgin rəqabətləri yenidən Ağdama gətirmək və özünə məxsus azarkeşlik ənənələrini dirçəltmək arzusu ilə gözlədiyi halda Tahir bəy hələ Bakıda torpaq davası döyür. Tahir bəy akademiyanın parlaq işindən danışdığı bir vaxtda “Qarabağ”ın gənclər komandasının ən yaxşı oyunçusu və bombardiri Tohib Obiodun adlı nigeriyalı olur. Bəli, adında yalnız “odun” hissəciyinin Azərbaycan dilinə aidiyyəti olan afrikalı gənc. Nə isə hələ başqa yetişən bir gənc gözə dəymir. Yəqin ki, 15 il kifayət etməyib.
O ki qaldı yeni nəslin yetişməsinə, bu problem təkcə “Qarabağ”ın yox, ümumilikdə Azərbaycan futbolunun sistem böhranıdır. Bu qədər maliyyə imkanlarının, uzunillik iqtisadi sabitliyin, dövlətin xüsusi diqqətinin müqabilində hələ də Xvica Kvaratsxeliya, yaxud Abdukodir Xusanov səviyyəsində oyunçu yox, gəldiyi ilk mövsümdəcə Türkiyə Superliqasının bombardiri olan Eldor Shomurodov və ya onun həmkarı Abbosbek Fayzullayev kimi regional ulduzları belə yetişdirməkdə acizik.
Əgər bu illər ərzində beynəlxalq bazara rəqabətədavamlı tək bir gənc belə ixrac edə bilməmişiksə, hansı “böyük işlərdən” və “bəhrələrdən” danışmaq olar? “Qarabağ”ın əsas komandasının Avropadakı parıltısı akademiyanın və uşaq futbolunun acınacaqlı durumunu ört-basdır etməməlidir. Çünki Qurban Qurbanovun da dediyi kimi, bu gedişlə bizi 4-5 il sonra çox böyük bir uçurum gözləyir.