Azərbaycan şahmatının liderlərindən biri, qrossmeyster Şəhriyar Məmmədyarov Çinin Honkonq xüsusi inzibati ərazisində keçiriləcək rapid və blits üzrə komandalararası dünya çempionatında mübarizə aparacaq.
41 yaşlı təcrübəli şahmatçımız bu nüfuzlu turnirdə Qazaxıstanın “KazChess” komandasının heyətində çıxış edəcək. Heyətdə Məmmədyarovla yanaşı, dünya şahmatının tanınmış simaları – Aleksandr Qrişuk (Rusiya), Rixard Rapport (Macarıstan), Van Hao (Çin), həmçinin qazaxıstanlı istedadlar Bibisara Asaubayeva və Kazibek Noqirbek də yer alıb.
Çempionatda dünya reytinqinin bir nömrəsi, norveçli Maqnus Karlsen və ABŞ təmsilçisi Fabiano Karuana başda olmaqla, planetin ən güclü şahmat ulduzları da lövhə arxasına keçəcəklər.
İyunun 16-22 aralığında baş tutacaq dünya çempionatının ümumi mükafat fondu 500 000 avro təşkil edir.