“Sabah”ın tarixi uğurunun əsas memarlarından biri hesab olunan baş məşqçi Valdas Dambrauskas beynəlxalq mətbuata geniş müsahibə verib.
49 yaşlı litvalı mütəxəssis “Flashscore”a açıqlamasında məşqçilik karyerasına necə başladığından, futbol fəlsəfəsindən, “Sabah”la qazandığı tarixi uğurlardan, “Qarabağ”la rəqabətdən və Çempionlar Liqasında qarşıya qoyduğu məqsədlərdən danışıb.
Dambrauskasın futbolçu kimi peşəkar karyerası olmayıb. O, hələ 12 yaşında futbolçu olmayacağını anlayaraq məşqçi olmaq qərarına gəlib. Litvada “Milyonçu olmaq istəyirsən?” televiziya proqramında iştirak etdikdən sonra İngiltərəyə gedərək məşqçilik təhsili almağa başlayıb.
O, İngiltərədə əvvəlcə dil öyrənib, məşqçilik kurslarının müxtəlif səviyyələrini keçib, uşaq futbolunda çalışıb, akademiyalarda təcrübə toplayıb və daha sonra universitetdə idman elmləri və məşqçilik üzrə təhsil alıb.
“Ən böyük qorxum öyrənməyi dayandırmaqdır”
Dambrauskas peşəkar futbolçu olmamasının məşqçilik karyerasına təsirindən danışarkən bu amili üstünlük hesab etmədiyini bildirib: “Mən bunun üstünlük olduğunu deyə bilmərəm. Keçmiş futbolçuların daha yaxşı başlanğıc mövqeyinə malik olduğuna inanıram. Onların soyunub-geyinmə otağında hörməti, əlaqələri və xüsusi hissiyyatı olur. Amma futbol məşqçiliyi illər ərzində çox dəyişib. Bu gün məşqçi yalnız lider və ya taktiki mütəxəssis deyil. O, fiziki hazırlıq, insan fiziologiyası, psixologiya, idarəetmə, maliyyə, təşkilatçılıq və kommunikasiya kimi çoxsaylı sahələri bilməlidir”.
Litvalı çalışdırıcı hesab edir ki, müasir məşqçi üçün ən vacib xüsusiyyətlərdən biri emosional zəkadı: “Heç vaxt peşəkar futbol oynamayan məşqçilər bu çatışmazlıqları daim öyrənməklə kompensasiya edirlər. Mən hər gün öz üzərimdə işləyirəm. Ən böyük qorxum öyrənməyi və inkişaf etməyi dayandırmaqdır”.
“Mənim futbolumu bir sözlə ifadə etsək, bu, dominantlıqdır”
Dambrauskas öz futbol fəlsəfəsini də açıqlayıb. Onun sözlərinə görə, hücum futbolunu və risk etməyi sevir: “Mən qol vurmağı xoşlayıram. Mənim futbolumu bir sözlə ifadə etsək, bu, dominantlıqdır. Risk etməkdən qorxmuram. Mənim üçün ən yaxşı nəticə 4:3 hesablı qələbədir. Üstəlik, dörd fərqli futbolçunun qol vurması və dörd müxtəlif oyunçunun məhsuldar ötürmə etməsi. Təsəvvür edin, belə oyundan sonra soyunub-geyinmə otağında hansı atmosfer yaranar”.
Mütəxəssis müxtəlif məşqçilərdən və hətta digər idman növlərindən də öyrəndiyini bildirib. O, Arsen Vengerin “Arsenal”ını, Marselo Bielsanı və Ralf Ranqniki xüsusi qeyd edib. Bununla yanaşı, basketbol, Amerika futbolu, reqbi və xokkeydən də ideyalar götürdüyünü vurğulayıb.
“Qarabağ”la oyunlar mənim üçün universitet diplomu kimi idi”
Dambrauskas “Sabah”ın ötən mövsüm qazandığı ölkə çempionluğu və kubokunu, həmçinin Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsini inanılmaz hadisə adlandırıb.
Litvalı məşqçi bu uğurun təsadüf olmadığını və klubdakı bütün insanların eyni məqsəd uğrunda çalışdığını bildirib: “Bu, həqiqətən də inanılmaz il oldu. Azərbaycanda son illərdə möhtəşəm “Qarabağ” komandası var idi. Onlar son 13 ilin 12-də Azərbaycan çempionu olmuş və 13 il ardıcıl Avropada mübarizə aparmışdılar. Biz onlardan öyrəndik, onlar bizi daha yaxşı etdilər”.
Dambrauskas “Qarabağ”la rəqabətin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Onlarla hər oyun taktiki, psixoloji və texniki baxımdan ən yüksək səviyyəli mübarizə idi. “Qarabağ”la keçirdiyim hər qarşılaşmanı universitet diplomu ilə müqayisə edə bilərəm. Bu oyunlardan çox şey öyrəndim”.
Onun fikrincə, “Sabah”ın əsas gücü yalnız futbolçulardan ibarət deyil: “Bir çox klub komanda işindən danışır, amma mənim təcrübəmə görə, bunu həqiqətən çox az klub həyata keçirir. “Sabah”ın gücü məhz bundadır. Klubda hamı öz işini görür və eyni istiqamətdə hərəkət edir. Klubda ən aşağı vəzifədən tutmuş prezidentə kimi hər kəsin bu uğurda payı var”.
“Çempionlar Liqasında ən yaxşılarla rəqabət aparmaq istəyirik”
Dambrauskas “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində iştirakı ilə bağlı gözləntilərini də bölüşüb: “İlk növbədə özümüzü sınamaq və ən yaxşılarla rəqabət aparmaq istəyirik. Bu, yalnız həyəcan deyil, həm də böyük məsuliyyət və fürsətdir. Klubun inkişafı üçün çox vacibdir. Biz həm fərdi, həm də komanda olaraq yalnız belə təcrübələr sayəsində inkişaf edə bilərik. Bu fürsətdən maksimum istifadə etmək istəyirik”.
“Qarabağ” Azərbaycan futbolu üçün böyük işlər görüb”
Litvalı mütəxəssis “Qarabağ”ın ölkə futbolundakı rolunu da yüksək qiymətləndirib: “Qarabağın Azərbaycan futbolu üçün illər ərzində etdikləri sözlərlə ifadə edilə bilməz. Son 13 ilin 12-də çempion olmaq və 13 il ardıcıl avrokuboklarda iştirak etmək hər şeyi deyir”.
Dambrauskas Azərbaycana gəlməzdən əvvəl də “Qarabağ”ın uğurlarını izlədiyini bildirib: “Bura gəlməmişdən əvvəl “Qarabağ”ı böyük maraqla izləyirdim və onların uğurunun səbəblərini anlamağa çalışırdım. İndi onlarla yenidən qarşılaşmağı səbirsizliklə gözləyirəm”.
Mütəxəssis hesab edir ki, “Sabah”ın çempion olması ilə rəqabətin artması Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcək: “Azərbaycan futbolunda rəqabətin güclənməsi hamı üçün yaxşı olacaq. “Zirə”, “Turan-Tovuz” və “Neftçi” kimi ambisiyalarını gizlətməyən komandalar var. İnanıram ki, Azərbaycan futbol liqasının yaxşı gələcəyi var”.
“Milyonçu olmaq istəyirsən?”dən Çempionlar Liqasına qədər
Dambrauskasın futbol yolunu daha da maraqlı edən məqam isə onun bu səviyyəyə klassik futbolçu-məşqçi yolu ilə gəlməməsidir.
O, 12 yaşında futbolçu olmayacağını anlayaraq məşqçi olmaq arzusuna düşüb. Sonradan televiziya proqramında iştirak edib, İngiltərəyə gedib, dil öyrənib, məşqçilik kursları keçib, akademiyalarda çalışıb və universitet təhsili alıb.
Daha sonra Litva, Latviya, Xorvatiya və Bolqarıstanda müxtəlif klublarda çalışaraq titullar qazanıb. İndi isə onun qarşısında karyerasının ən böyük sınaqlarından biri dayanır: 2017-ci ildə yaradılmış “Sabah”ı Avropanın ən nüfuzlu klub turnirində dünyanın ən güclü komandaları ilə qarşılaşdırmaq.
Dambrauskas isə bu səhnəyə heç bir heyranlıq kompleksi olmadan çıxmağa hazır olduğunu nümayiş etdirir. Onun fəlsəfəsi sadədir: rəqibin adına yox, meydandakı mübarizəyə inanmaq