“Qarabağ”ın baş məşqçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın CSKA (Sofiya) komandası ilə keçiriləcək cavab matçından öncə təşkil olunan mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis ilk oyundakı heç-heçədən sonra hər iki kollektivin mərhələ şanslarını bərabər qiymətləndirib və cavab qarşılaşmasının gərgin keçəcəyini bildirib:
“İlk oyunun nəticəsi bərabərliklə yekunlaşıb və cavab matçında hər iki komanda qalib gəlmək istəyir. Rəqibin açıqlamalarından da görünür ki, çox iddialı və həvəslidirlər. Bu durum bizi daha da məsuliyyətli olmağa sövq edir. Deyərdim ki, bərabər səviyyəli iki komanda mübarizə aparır. Hər bir halda inanıram ki, azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər. Biz də çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini nümayiş etdirək”.
Yay transfer pəncərəsində komandadan ayrılan əsas heyət üzvləri və yeni gələnlərin potensialı barədə danışan Q.Qurbanov keçmişə deyil, gələcəyə fokuslandıqlarını vurğulayıb:
“Kollektivə tam uyğunlaşmış və oyunumuzu zənginləşdirən iki vacib futbolçumuz başqa klublara keçdi. Onlar komandamız üçün çox dəyərli idilər. Lakin keçmişə boylanmaq düzgün olmazdı. Heyətimizdə çox istedadlı yeni oyunçular var və mən onlara güvənirəm. Düzdür, fərqli üsluba malikdirlər, lakin özünəməxsus maraqlı oyun manevrləri var. İnanıram ki, gedən futbolçuların yoxluğunu hiss etdirməyəcək, meydana maksimum istəklə çıxaraq sona qədər mübarizə aparacaqlar”.
Bolqarıstan təmsilçilərinə qarşı əvvəlki illərdə qazanılan böyükhesablı qələbələrin arxayınlıq yaratmayacağını bildirən mütəxəssis, futbolda sürprizlərə yer olduğunu xatırladıb:
“Biz keçmiş nəticələr haqqında düşünmürük. İki il əvvəl 7 qol vurmağımız o demək deyil ki, bu gün də eyni nəticəni rahatlıqla təkrarlaya biləcəyik. Futbolda belə hesablar nadir hallarda olur. Bakıdakı ilk matçda rəqibin nə dərədə güclü olduğunu bir daha gördük. Müasir futbolda səviyyələr bərabərləşib. Bizim üçün əsas olan hesabın fərqi deyil – istər bir, istərsə də iki top fərqi olsun, vacib olan düzgün oyun qurmaqdır. Bu rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz”.
Xatırladaq ki, iyulun 30-da Sofiyadakı “Vasil Levski” adına Milli Stadionda keçiriləcək CSKA (Sofiya) – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.