UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk matçında Gürcüstanın “Torpedo” (Kutaisi) klubunu darmadağın edən (3:0) “Zirə”nin kapitanı Qismət Alıyev ölkə mətbuatına müsahibə verib. Təcrübəli müdafiəçi parlaq qələbə, cavab görüşünün çətinlikləri, “Turan Tovuz” ətrafında yaşananlar və komandasının mövsüm hədəfləri barədə fikirlərini bölüşüb.
İlk matçdakı böyükhesablı qələbəni dəyərləndirən komanda kapitanı rəqibin gücünə bələd olduqlarını və oyuna ciddi hazırlaşdıqlarını vurğulayıb: “Bizi güclü rəqiblə mübarizənin gözlədiyini bilirdik. Məlumdur ki, “Torpedo“ Gürcüstan Superkubokunun son qalibidir. Təlim-məşq toplanışı üçün vaxtımız az olsa da, əlimizdən gələni etdik. Avrokuboklarda hər mərhələ həm klubun, həm də futbolçuların inkişafı üçün böyük əhəmiyyət daşıyır. Meydanda maksimumum gücümüzü qoyduq və vacib qələbə qazandıq. Lakin hesab aldadıcı olmamalıdır, cavab görüşünün daha çətin keçəcəyini düşünürəm”.
Qismət Alıyev Gürcüstandakı cavab matçında rəqibin ilk dəqiqələrdən təzyiqi artıracağını və “Zirə”nin istənilən ssenariyə hazır olmalı olduğunu bildirib: “Meydan və azarkeş dəstəyi rəqibin xeyrinə olacaq. Onlar ilk dəqiqələrdən hücuma atılacaqlar. Biz çox diqqətli və istəkli başlamalıyıq. İlk matçdakı üstünlük bizi qətiyyən arxayınlaşdırmamalıdır. Rəqib ilk oyunu təhlil edib müəyyən dəyişikliklərə əl ata bilər. Biz də buna uyğun hazırlıqlı olmalıyıq. İlk matçda tapşırıqları yerinə yetirdik, amma qarşıda daha çətin 90 dəqiqə var”.
Ötən mövsüm Premyer Liqanı 5-ci pillədə başa vuran “Zirə”nin avrokuboklara vəsiqə qazanması “Turan Tovuz”a tətbiq olunan sanksiya ilə gerçəkləşmişdi. Kapitan bu məsələyə də toxunaraq həmyerlilərinə dəstək olub: “Açığı, bu qərar hamımız üçün üzücü oldu. Avropada çıxış edən hansı Azərbaycan klubu olursa-olsun, bir-birimizə dəstək olmalıyıq. Ümid edirəm ki, gələcək mövsümlərdə “Turan Tovuz“ yenidən avrokuboklarda mübarizə apara biləcək”.
Rəhbərliyin qoyduğu hədəflərdən danışan Alıyev hazırda bütün diqqətin Konfrans Liqasına yönəldiyini bildirib: “İndi bütün diqqətimiz cavab matçına yönəlib. “Zirə” son illərdə daim avrokuboklarda iddialı çıxış edir. Əsas məqsədimiz Premyer Liqada yuxarı pillələr uğrunda mübarizə aparmaq və növbəti mövsümdə də Avropa səhnəsinə vəsiqə qazanmaqdır”.
Qismət Alıyev mümkün transferlərlə bağlı sualı isə belə cavablandırıb: “Bu barədə fikir bildirməyim düzgün olmaz. Hansı mövqeyə güclənmə lazım olduğunu baş məşqçimiz daha yaxşı bilir”.