“Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubuna qarşı keçirdiyi ilk oyun bu həftə avrokuboklarda ən çox tamaşaçı sayı ilə yadda qalıb.
İyulun 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən və “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanı tribunadan 23 549 azarkeş izləyib. Bu göstərici sözügedən avrokubok həftəsində keçirilən bütün oyunlar arasında ən yüksək tamaşaçı sayı olub.
Tamaşaçı sayına görə ikinci pillədə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin Xorvatiyada baş tutan “Hayduk” – “Jilina” (Slovakiya) matçı qərarlaşıb. Həmin görüşü 22 352 azarkeş izləyib. İlk üçlüyü isə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən “Kayrat” (Qazaxıstan) – “Sutyeska” (Monteneqro) oyunu tamamlayıb. Bu qarşılaşmada tribunaları 14 356 tamaşaçı doldurub.
Azərbaycan klublarının ev oyunlarına maraq da diqqət çəkib. Belə ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Masazırda keçirilən “Sabah” – “Nyu Sents” (Uels) matçını 7 min azarkeş izləyib. UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Sumqayıtda baş tutan “Zirə” – “Torpedo” (Kutaisi, Gürcüstan) görüşündə isə tribunada 1 490 tamaşaçı yer alıb.