Azərbaycan Kubokunun 34 illik tarixində növbəti – 31-ci final qarşılaşması baş tutacaq. Maraqlıdır ki, turnirin keçirildiyi müddət ərzində iki mövsüm (2001/02 və 2019/20) müəyyən səbəblərdən başa çatdırılmayıb. İndiyədək reallaşan finallardan yalnız biri – 2020/21 mövsümünün həlledici matçı koronavirus pandemiyası ilə əlaqədar boş tribunalar önündə keçirilib.
Azərbaycan Kubokunun final oyunları azarkeş marağı baxımından zəngin tarixə malikdir. Tamaşaçı iştirakı ilə keçirilən 30 həlledici qarşılaşmanı ümumilikdə 289 min 463 seyrçi tribunalardan izləyib ki, bu da hər finala orta hesabla 9649 azarkeş deməkdir.
Turnirin və ümumilikdə daxili yarışların mütləq rekordu isə 2009/10 mövsümünə təsadüf edir. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan “Bakı” – “Xəzər Lənkəran” finalı tribunalara rekord sayda – 26 000 tamaşaçı toplamışdı. Bu göstərici bu günə qədər Azərbaycanın daxili turnirləri üçün əlçatmaz zirvə olaraq qalır.