Heyətini gücləndirməkdə davam edən «Neftçi» hücum xəttinə vacib bir transfer reallaşdırıb. Bakı klubu Surinam millisinin 27 yaşlı üzvü Denzel Jubitana ilə 2 illik müqavilə imzalayıb. «Ağ-qaralar»da 22 nömrəli formanı geyinəcək universal futbolçu azarkeşlərimizə Yunanıstanın «Atromitos» klubundan tanışdır.
1999-cu il mayın 6-da Belçikanın Antverpen şəhərində anadan olan Jubitana futbolun ilk sirrlərini bu ölkədə öyrənib. Peşəkar karyerasına «Vaasland Beveren»də başlayan yarımmüdafiəçi daha sonra Niderlandın «Roda» klubunun şərəfini qoruyub. Belçika vətəndaşı olmasına baxmayaraq, milli səviyyəsində tarixi vətəni Surinamı seçəib və 2024-cü ildən bəri bu yığmanın formasını geyinir (16 matç, 1 qol).
Jubitana üçün karyerasının əsas dönüş nöqtəsi Yunanıstanın «İraklis» klubuna keçidi olub. 2021/22 mövsümündə bu komandaya qoşulan surinamlı futbolçu qısa müddətdə azarkeşlərin sevimlisinə çevrilib. O, «İraklis»in heyətində keçirdiyi 38 liqa oyununda 22 qol vuraraq inanılmaz məhsuldarlıq nümayiş etdirib və klub tarixinin ən sərrast bombardirləri sırasına düşüb.
Bu parlaq çıxış ona Yunanıstan Superliqasının təmsilçilərindən «Atromitos»un qapılarını açıb. 2023-cü ilin yayından etibarən elitada 3 mövsüm keçirən Jubitana, ümumilikdə 74 matçda 12 qola imza atıb. Ötən mövsümdə isə o, bütün turnirlər nəzərə alınmaqla 36 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Denzel Jubitana klassik bir mövqeyə bağlı oyunçu deyil. Əsasən hücumameylli yarımmüdafiəçi və ikinci hücumçu kimi çıxış edən 27 yaşlı futbolçu, eyni uğurla sol cinahda da oynaya bilir. «Opta» analitikləri onu tam mənada «hücumçu» kimi xarakterizə edir.
Futbolçu «Neftçi» TV-yə verdiyi ilk açıqlamada öz oyun üslubunu və güclü tərəflərini belə təsvir edib: «Ən güclü tərəflərimdən biri kreativlikdir. Meydanda sərbəst oynamağı və hücumlar qurmağı xoşlayıram. Ümid edirəm ki, qollarım və məhsuldar ötürmələrimlə komandaya maksimum fayda verəcəyəm. Universal futbolçuyam və müxtəlif mövqelərdə oynamağı bacarıram».
Jubitana «Neftçi»yə yalnız fərdi ustalığı ilə deyil, həm də taktiki elastikliyi ilə kömək edə bilər. Baş məşqçinin hücum xəttində müxtəlif variasiyalardan istifadə etməsinə imkan yaradan surinamlı oyunçu, həm cinahları canlandırmaq, həm də mərkəzdən yaradıcı paslarla hücumları təşkil etmək qabiliyyətinə malikdir. Yunanıstan Superliqası kimi sərt və fiziki mübarizəyə söykənən çempionatda 3 il müntəzəm oynamaq onun artıq tam formalaşmış futbolçu olduğunu göstərir. İndi əsas maraq doğuran məqam Jubitananın bu fərdi kreativliyini və universal keyfiyyətlərini Azərbaycan Premyer Liqasında nə dərəcədə nümayiş etdirəcəyidir.