İngiltərə Premyer Liqasında çempionun adına aydınlıq gəlib. Sona bir tur qalmış səfərdə «Bornmut»la bərabərə qalan «Mançester Siti» bu mübarizədə «Arsenal»ı qabaqlamaq şansını itirib. Bu nəticə ilə meydan sahibi Bornmut» da tarixi uğura imza ataraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Mətbuatda yazdığına görə, baş məşqçi Pep Qvardiola mövsümün sonunda «Mançester Siti»də 10 illik fəaliyyətdən klubdan ayrılacaq.
Çempionatın bitməsinə cəmi iki tur qalmış lider «Arsenal»dan iki xal geri qalan «şəhərlilər»in səhv etmək limiti tükənmişdi. «Topçular»ın bazar ertəsi qazandığı qələbədən sonra Qvardiolanın komandası çempionluq ümidlərini son tura daşımaq üçün mütləq meydandan 3 xalla ayrılmalı idi. Lakin rəqib — Çempionlar Liqasına vəsiqə uğrunda gözlənilməz və inadkar mübarizə aparan «Bornmut» idi.
Matçın ilk dəqiqələrindən meydan sahiblərinin asanlıqla təslim olmayacağı bəlli oldu. Antuan Semenyonun vurduğu qol ofsayd səbəbindən ləğv edilsə də, «Bornmut» təzyiqi azaltmadı. Çox keçmədən, qarşılaşmanın 39-cu dəqiqəsində meydan sahiblərinin 19 yaşlı istedadı Eli Junior Krupi möhtəşəm zərbə ilə qapının uzaq küncünü dəqiq nişan alaraq komandasını önə keçirdi.
İkinci hissəyə çıxan «Siti» futbolçuları çempionluq yarışında qalmaq üçün cəmi 45 dəqiqələrinin olduğunu yaxşı dərk edirdilər. Ancaq uzun müddət hesab dəyişməz qaldı. Qvardiolanın ardıcıl əvəzetmələri də hücum xəttindəki kəsəri artıra bilmədi. Əksinə, matçın son hissəsində «Bornmut» daha təhlükəli görünürdü.Matçın 95-ci dəqiqəsində Erlinq Holand tarazlığı bərpa etsə də (1:1), bu gecikmiş qol «Mançester Siti»ni xilas etməyə bəs etmədi. Beləliklə, bu bərabərlikdən sonra Londonun «Arsenal» klubu düz 22 ildən sonra yenidən Premyer Liqanın çempionu titulunu rəsmən qeyd etdi.