Şimali Amerika Futbol Liqası (MLS) futbolda vaxt itkisinin qarşısını almaq üçün inqilabi addımatmağa hazırlaşır. Amerikalı rəsmilər digər populyar daxili idman növlərində olduğu kimi, futbolda da oyun dayandıqda vaxtın dayandırılması (saniyəölçən) sistemini tətbiq etməyi planlaşdırır.
Hazırkı qaydalara görə, futbol matçları 90 dəqiqə davam edir və hakim vaxtı dayandırmır. Bu isə futbolçuların vaxtı uzatmasına və süni gecikmələrə şərait yaradır. Statistikaya əsasən, 90 dəqiqəlik oyunun cəmi 50-60 dəqiqəsi effektiv (topun oyunda olduğu) vaxtdır.
Məhz bu səbəbdən MLS, futbol qaydalarını tənzimləyən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) ilə danışıqlara başlayıb. Liqa rəsmiləri oyunlarda saniyəölçən sisteminin sınaqdan keçirilməsini təklif edirlər. MLS hələlik yekun qərarını açıqlamasa da, əsas müzakirə olunan ssenari 60 dəqiqəlik effektiv oyun vaxtıdır (hər biri 30 dəqiqə olmaqla iki hissə).
Tarixi fakt: MLS əslində bu sistemə yad deyil. Liqanın yarandığı 1996-cı ildən 1999-cu il sonuna qədər burada dayanan saat sistemindən istifadə olunub. Hazırda bu təcrübə Amerikanın tələbə futbol liqalarında (NCAA) tətbiq edilməkdədir.
MLS-in yarışlar üzrə vitse-prezidenti Pol Qrafer The Guardian nəşrinə verdiyi açıqlamada bu mövzunun futbolun gələcəyi üçün mütəmadi müzakirə olunduğunu bildirib: “Biz IFAB ilə əməkdaşlığa və bu sistemi qlobal miqyasda sınaqdan keçirməyə tam hazırıq”.
Liqanın İdman İnkişafı üzrə vitse-prezidenti Ali Kertis isə danışıqların hələ ilkin mərhələdə olduğunu vurğulayıb. Qeyd edək ki, IFAB saniyəölçən məsələsini sonuncu dəfə 2017-ci ildə müzakirə etsə də, matçların ümumi müddətinin uzanması və bunun televiziya yayım şəbəkələrinə mənfi təsiri qorxusu səbəbindən layihə təsdiqlənməmişdi.
Yeniliklərə açıq olan MLS, 2018-ci ildə VAR (Video Köməkçi Hakim) sistemini ilk tətbiq edən liqalardan biri olub. Yeni zaman nəzarəti mexanizminin də ilk növbədə liqanın inkişaf platforması sayılan və eksperiment meydançası rolunu oynayan MLS Next Pro-da sınaqdan keçirilməsi gözlənilir.