Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq şahmat turniri başa çatıb. Ölkəmizin qrossmeysterləri yarışı bir çempionluq və ümumilikdə 14 800 ABŞ dollar mükafatı ilə yekunlaşdırıblar.
Turnirin 10 güclü şahmatçının iştirak etdiyi əsas Masters qrupunda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edib. Təmsilçimiz bu gün keçirilən həlledici 9-cu turda rusiyalı Yan Nepomnyaşşi ilə sülh bağlayıb. Turnirdə Vidit Santoş (Hindistan), Nikolas Teodoru (Yunanıstan) və Nodirbek Yakubboyevə (Özbəkistan) qalib gələn Məmmədyarov, Arcun Eriqaisi (Hindistan), Hans Niman (ABŞ) və Şamsiddin Vohidovla (Özbəkistan) heç-heçə oynayıb. Yarışda yalnız Nodirbek Abdusattorov və Mühiddin Mədəminova (hər ikisi Özbəkistan) məğlub olan şahmatçımız, topladığı 5 xalla turniri 4-cü sırada tamamlayıb və 8 000 dollar qazanıb.
Yarışın “Challengers” qrupunda mübarizə aparan şahmatçılarımız isə turniri fərqli notlarda bitiriblər. Məhəmməd Muradlı yarışın bitməsinə bir tur qalmış çempionluğunu rəsmiləşdirsə də, son turda da tempini salmayıb və heç-heçə oynayaraq hesabını 7,5 xala çatdırıb. Turnirin qalibi olan Muradlı 6 000 dollar mükafat əldə edib. Bu qrupdakı digər təmsilçimiz Eltac Səfərli isə son turda məğlubiyyətlə üzləşərək yarışı 3 xalla 9-cu pillədə başa vurub. Onun bu turnirdən qazancı 800 dollar olub.