Çinin Quyyan şəhərində boks üzrə reytinq xarakterli Dünya Kubokuna start verilib. Turnirin ilk günündə rinqə çıxan millimizin hər iki üzvü mərhələ adlamağı bacarıblar.
50 kq çəki dərəcəsində qüvvəsini sınayan dünya çempionumuz Sübhan Məmmədov 1/8 finalda hindistanlı Rişi Sinqh ilə qarşılaşıb. Döyüş boyu təşəbbüsü əldən verməyən və hər üç raundu qələbə ilə başa vuran boksçumuz, 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesablı inamlı qələbəyə imza atıb.
S.Məmmədov növbəti mərhələdə, ilk döyüşdən azad olan Özbəkistan təmsilçisi Asilbek Cəlilovla gücünü sınayacaq. Bu qarşılaşma iyunun 19-da baş tutacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Aşırəliyev də debütünü qələbə ilə başa vurub. Polşalı Yakub Kşpeyti ilə gərgin və dramatik mübarizə şəraitində keçən qarşılaşmadan boksçumuz 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesablı üstünlüklə qalib ayrılıb.
Bu qələbə sayəsində 1/8 finala yüksələn M.Aşırəliyev növbəti mərhələdə braziliyalı Luis Qabriel ilə üz-üzə gələcək. Görüş iyunun 17-nə təyin olunub.
Yığmamız Çində təşkil olunan Dünya Kubokunda 8 boksçu ilə təmsil olunur.