Şotlandiya çempionu “Seltik” “Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duranın transferini bitirməyə çox yaxındır. Şotlandiya klubunun keçmiş yarımmüdafiəçisi Aleks Rey bu keçidi Qlazqo təmsilçisi üçün böyük uğur adlandırıb.
24 yaşlı kolumbiyalı forvardın “Seltik”lə 3+1 illik müqavilə imzalayacağı gözlənilir. Keçidin dəyərinin təxminən 5,5 milyon funt-sterlinq (təxminən 13 mln. manat) olacağı iddia edilir. Yaxın günlərdə tibbi müayinədən keçəcək Duranın müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Kamilo Duran ölkəmizə gəldiyi ilk mövsümdəcə “Qarabağ”ın əsas silahlarından birinə çevrildi. O, Ağdam klubunun heyətində keçirdiyi bütün turnirlərdə 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Xüsusilə Çempionlar Liqasındakı çıxışı Avropa skautlarının diqqətini çəkib. Duran “Ayntraxt “, “Ayaks”, “Nyukasl” və “Benfika” kimi qitə nəhənglərinə qarşı matçlarda effektli oyunu ilə seçilib.
Keçmiş futbolçu Aleks Rey “Clyde 1” kanalının “Supercoreboard” proqramında transferi belə dəyərləndirib: “Duranın qol vurduğu komandaların adlarına baxın: “Ayntraxt “, “Ayaks”, “Nyukasl” və “Benfik… Bunlar qitənin tanınmış və yüksək səviyyəli klublarıdır. Bu səviyyədə qol vurmağı bacaran futbolçunu bir çox Avropa klubu transfer etmək istəyirdi. Əgər “Seltik” bu keçidi rəsmiləşdirə bilsə, bu, komanda üçün böyük zəfər olacaq. Martin O’Nil yeni oyunçuların tezliklə Portuqaliyadakı təlim-məşq toplanışına qoşulmasını və komandanın oyun üslubuna uyğunlaşmasını istəyir”.
Qlazqo təmsilçisi həmçinin “Hibernian”ın keçmiş hücumçusu Kiron Boui ilə də maraqlanır, lakin bu transferdə rəqabət böyükdür. “Seltik” rəhbərliyi hesab edir ki, Avropa kuboklarında zəngin təcrübə toplayan Duran komandanın hücum potensialını artırmaq üçün ən ideal namizəddir. Xatırladaq ki, hazırda Şotlandiyada olan Duran tibbi müayinədən uğurla keçəcəyi təqdirdə, Qlazqo təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq və yaxın günlərdə komandanın mövsümöncəsi hazırlıq düşərgəsinə yollanacaq.