Bolqarıstanın “Match” nəşri Avropa Liqasında ÇSKA-nın rəqibi olan “Qarabağ” haqqında geniş məqalə dərc edib. Yazıda Azərbaycan təmsilçisinin hazırkı vəziyyəti və transfer siyasəti təhlil olunur.
Məqalədə vurğulanır ki, bir vaxtlar Çempionlar Liqasının qrup mərhələsindəki çıxışları və “Ludoqorets”ə vurduğu 7 qolla Şərqi Avropa futbolunun nəhənginə çevrilən “Qarabağ” artıq fərqli bir dövrə qədəm qoyub. Qurban Qurbanovun komandasının yerli çempionatdakı uzunmüddətli hökmranlığı sona çatıb – ötən mövsüm “Qarabağ” çempionluğu Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah”a əldən verib.
“Qarabağ” bu yay heyətində ciddi dəyişikliklərə gedib. Aparıcı ulduzlar – Kamilo Duran (6 milyon avro qarşılığında “Seltik”ə) və Leandro Andrade (“Polissya”ya) komandanı tərk edib. Buna baxmayaraq, klub transfer bazarında aktivliyini qoruyub.
Bolqarıstanlı həmkarlarımız “Qarabağ”ın transfer siyasətinə xüsusi diqqət ayıraraq, klubun heyətini 8 yeni oyunçu ilə gücləndirdiyini vurğulayırlar. Transfer büdcəsindən səmərəli istifadə edən Ağdam təmsilçisi Bruno Lanqa (“Almeriya”), Bence Varkoni (“Zalaeqerseq”) və Çebrail Makretski (“Ferentsvaroş”) kimi futbolçuların hər biri üçün 1 milyon avro təzminat ödəyib. Bolqarıstan futbol ictimaiyyətinə yaxşı tanış olan Makretskinin transferi xüsusi qeyd olunsa da, heyətin dərinliyi bununla bitmir; klub həmçinin Renalo Çefaş, Zakariya Savo, Martin Zloşmısliç, Samuel Lobato və Cəli Muadib kimi oyunçuları cəlb edərək heyətini əhəmiyyətli dərəcədə genişləndirib. Nəşr sonda qeyd edir ki, bütün çətinliklərə və heyət dəyişikliklərinə baxmayaraq, “Qarabağ” hələ də olduqca təhlükəlidir. Yazıda Qurban Qurbanovun Avropa futbolundakı xüsusi yeri və taktiki ustalığı xüsusi vurğulanaraq bildirilir ki, bu cür mütəxəssisə malik komanda hər zaman diqqət mərkəzində qalmağa layiqdir.