“Qarabağ”ın fransalı legioneri Abdullah Zubir UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə matçda (3:0) vurduğu qolla ölkə futbolunun tarixinə düşüb.
Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, Zubirin bu qolu ölkə təmsilçilərinin bu turnirdəki 300-cü yubiley qolu kimi qeydə alınıb. İndiyədək əvvəlki adı UEFA Kuboku olan turnirdə 283 oyuna çıxan klublarımız 298 qol vurmuşdusa, bu qələbə sayəsində ümumi qol sayı 301-ə yüksəlib.
Qeyd edək ki, Azərbaycan komandalarının avrokuboklardakı və bu turnirdəki ilk qolu 31 il əvvələ təsadüf edir. 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana) – “Kəpəz” matçında (5:1) Gəncə klubunun heyətində Yadigar Süleymanovun vurduğu qol futbol tariximizin ilk avrokubok qolu olaraq yadda qalıb.