“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 33-cü turunda “Qəbələ”yə 1:3 hesablı məğlubiyyətlə başa çatan görüşdən sonra açıqlama verib. O, başa çatan mövsümü uğurlu hesab etdiyini bildirib: “Çempionat artıq arxada qaldı. Komandama təşəkkür edirəm, həqiqətən də ağır bir mövsüm keçirdik. Əsas hədəfimiz keçən illə müqayisədə daha inkişaf etmiş bir kollektiv formalaşdırmaq idi. Analiz aparsaq, görərik ki, ötən mövsümlə müqayisədə xeyli irəliləyişə nail olmuşuq. Keçən il 10 komanda mübarizə aparırdısa, bu mövsüm 12 klubun iştirakı ilə rəqabət daha da artdı. Bundan əlavə, ölkə kubokunda da irəliləyə bildik. Gənc futbolçuların yetişdirilməsi və legionerlərin komandaya adaptasiyası baxımından ciddi nailiyyətlərimiz oldu. Rəhbərliyə, futbolçulara və məşqçilər heyətinə göstərdikləri əməyə görə minnətdaram”.
Abbasov “Qəbələ”yə də uğurlar arzulayıb: “Onları qarşıda çətin pley-off matçı gözləyir. İnanıram ki, layiqli olan qələbə qazanacaq. Gələcəyə gəlincə, əminəm ki, “Şamaxı” rəhbərliyi düzgün seçim edəcək. Komandanı daha da irəli aparacaq, bu ilki inkişafı davam etdirəcək məşqçilə çalışacaqlar”.